Quba-Xınalıq yolundakı dəhşətli qəza ilə bağlı YENİ DETALLAR

HADİSƏ 28 avqust 2025, 13:08
Ötən gün Quba-Susay-Xınalıq yolunun Qaleyxudat kəndindən keçən hissəsində baş verən dəhşətli qəzanın bəzi təfərrüatı məlum olub.

Demokrat.az xəbər verir ki, Quba Rayon İcra Hakimiyyəti başçısının Əlik İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mübariz Ağasiyevin Bizim.media-ya verdiyi məlumata görə, qəzaya uğrayan "Ford" markalı avtomobilin sürücüsü, 52 yaşlı Füzuli sakini İlqar Əhmədov dumanlı havada yolu azıb.

Belə ki, sürücü Qrız kəndinə dönməli olsa da, 10-12 km artıq məsafə qət edib. Nəticədə "Ford" yüksəklikdən dərəyə aşıb.

Qəzada sürücü həyatını itirib, sərnişin Ramil İbrahimzadə isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, qəzaya uğrayanlar Qrız kəndində kino çəkən yaponiyalı yaradıcı heyətə sanitar avadanlıqlar aparırmışlar. Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yapon film heyəti serialın bir bölümünü Qrız kəndində çəkirmiş.

Ağır qəzanın başvermə səbəbi Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində başlanılan araşdırmalar nəticəsində müəyyən edəcək.

Bu faciəli olay sürücülərə bir daha avtomobil yollarında, xüsusən dağ massivlərində hava şəraitinə görə daha ehtiyatlı olmalarının, həyatlarını riskə atmamalarının nə dərəcədə önəmli olduğunu göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top