Kürdəmirdə 55 yaşlı qadın küçədə kişiyə xəsarət yetirdi — TƏFƏRRÜAT

HADİSƏ 12 avqust 2025, 12:03
Kürdəmir rayonunda 55 yaşlı qadın həmkəndlisi olan kişiyə xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Əsmər kəndi ərazisində yerləşən kəndarası yolda həmkəndlisi, 1956-ci il təvəllüdlü Musa (adlar şərtidir – red.) ilə mübahisə edib. 

Bu zaman Əsmər Musanın onun ünvanına nalayiq söyüşlər söyməsini səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı əlində olan plastik qabdakı benzini Musanın üz nahiyyəsinə qəsdən töküb və ona sağ gözün hiperemiyası və görmənin zəifləməsi ilə müşayiət olunan xəsarətlər yetirib. 

Hadisəni törədən Əsmərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə izahat verən məhkum qadın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Kürdəmir rayonun kəndində yaşayır, fərdi əməklə məşğul olur: “Zərərçəkmiş şəxsi həmkəndlim kimi tanıyıram, onunla düşmənçiliyim və ədavətim olmayıb. Musa təxminən 3 il bundan əvvəl yaşadığım evdən 2100 manat pul və 1 cüt qızıl sırğa

 Oğurladı. Sonradan oğurladığı pulun 600 manat hissəsini qaytarsa da, qalan 1500 manat pulumu və bir cüt qızıl sırğamı qaytarmadı. Musa hər dəfə məni kəndarası yolda görəndə söyərək məni təhqir edib”.

Qadın qeyd edib ki, hadisə günü saat 16 radələrində yaşadıqları kənd ərazisində kəndarası yolda zərərçəkmiş şəxs ilə rastlaşıb: “Ondan 1 cüt qızıl sırğa və 1500 manat pulumu qaytarmasını istədim. Bu zaman Musa məni söyüb təhqir etdiyinə və məni vurmaq istədiyinə görə üzərimdə gəzdirdiyim plastik qabdakı benzini onun üstünə tulladım. Benzin Musanın üzünə yox, aşağı nahiyyəsinə töküldü. Məqsədim ona xəsarət yetirmək olmayıb”.

İş üzrə zərərçəkmiş Musanın sözlərinə görə, təqsirləndirilən şəxsi həmkəndlisi kimi tanıyır, onun əri ilə normal münasibətdə olub: “Hadisə günü saat 16 radələrində yaşadığım kəndin ərazisində olan çayxanaya gedərkən Əsmərlə rastlaşdım. Aramızda gedən söhbət əsnasında qadın guya onun evindən qızıl və pul oğurladığını deyərək həmin qızılları və pulu verməyimi istədi. Ona evindən qızıl və pul oğurlamadığımı desəm də Əsmər israrla dediklərini təkrarlayaraq ünvanıma nalayiq ifadələr işlətdi. Əsmərin cavabını qaytaranda qəflətən əlində olan plastik qabdakı benzini üz nahiyyəmdən tökərək mənə xəsarət yetirdi. Əsmər oradan qaçıb gedəndən sonra arvadıma zəng vurdum, yerimi deyərək yanıma çağırdım. Arvadım gələndən sonra baş verənlər barədə danışdıqdan sonra birlikdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına getdik”. 

Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əsmər 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yeri olan Kürdəmir rayonunun kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. 

Bundan əlavə onun Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top