ABŞ-də İrəvan və Bakı görüşü mümkün ola bilər — Millət vəkili

GÜNDƏM 04 avqust 2025, 20:34
“Bu cür informasiyalar müxtəlif məqsədlərlə dövriyyəyə buraxılır, bəzən ictimai rəyi öyrənmək üçün bundan istifadə edirlər. 17 bənddən ibarət sülh mətni razılaşdırılıb və hazırdır. Lakin imzalanması üçün Azərbaycanın çox vacib iki tələbi var. Bu, Ermənistan konstitusiyasında dəyişiklik və Minsk qrupunun buraxılmasıdır. Ermənistan birinci məsələdə tərəddüd edir. Çünki gələn il iyunun 7-də parlament seçkiləri keçiriləcək və o seçkilərə qədər Ermənistan baş naziri hansısa bir sərt addımlardan çəkinir. Konstitusiyada hər hansı dəyişiklik ediləcəyi halda, seçkilərdə nəticələr Nikol Paşinyan üçün gözlənilməz ola bilər”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib. O bildirib ki, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində əldə etdiyi müsbət nəticələr əsas yaradır ki, belə bir görüş keçirilsin:

“Hər iki tərəfdən buna dair rəsmi bir mövqe yoxdur. Bu, daha çox ABŞ-dən gələn mesaj kimi dəyərləndirilir. ABŞ-nin də bu prosesdə kifayət qədər fəal mövqe tutduğunu bilirik. ABŞ çalışır ki, Əbu-Dabidə əldə edilmiş müsbət tendensiyanı əldə saxlasın. Bu baxımdan, ABŞ-də görüş keçirilməsini mümkün kimi dəyərləndirmək olar.

Eyni zamanda, Türkiyədə belə bir görüşün keçirilməsi və razılaşdırılmış sülh mətninin paraflanması ilə bağlı informasiyalar da mövcuddur və bu, hətta Ermənistan cəmiyyətində də bəzi dairələr tərəfindən müsbət qarşılanıb. Əksər dairələr isə buna qarşı çıxırlar”.

Xatırladaq ki, KİV-də avqustun 10-da ABŞ-də Ermənistan və Azərbaycan liderləri arasında görüş keçiriləcəyi, görüşdə sülh müqaviləsinin imzalanacağı ilə bağlı iddialar yayılıb.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 avqust 2025, 22:42
04 avqust 2025, 22:27
Top