Balıqlar kütləvi şəkildə niyə ölür? — AÇIQLAMA

GÜNDƏM 22 iyul 2025, 18:15
"Burada əsas səbəblərdən biri, həmin göldə çirklənmənin baş verməsidir. Bu gölə çirkab suları, kanalizasiya axıntıları, məişət tullantıları, eyni zamanda sənaye suları axıdılır. Bu suların axıdılması nəticəsində suyun tərkibində müxtəlif mikroorqanizmlərin sayı artır və nəticədə xəstəliklər yayılır, hətta bəzi hallarda qısa müddət ərzində balıqların kütləvi şəkildə məhv olması müşahidə edilir". 

Bu sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.

O bildirib ki, bu tip hallar daha əvvəl Xəzər dənizində də qeydə alınıb:

"Neft-qaz mədənlərində istifadə olunan kimyəvi maddələr, lay suları və digər sənaye tullantıları nəticəsində Xəzər sularının ciddi şəkildə çirkləndiyi məlumdur. Bu da orada yaşayan canlıların, o cümlədən balıqların kütləvi şəkildə ölməsinə səbəb olurdu. Hazırda bu hallar azalsa da, keçmişdə bu, kütləvi miqyasda baş verirdi. Məhz bu səbəbdən Xəzər dənizində balıq növlərinin sayı kəskin şəkildə azalıb.

Bu gün su hövzələrində balıqların sayının azalması və onların nadir hallarda rast gəlinməsi əsasən çirklənmə ilə bağlıdır. Oxşar vəziyyətin Cəlilabad gölündə də yaşanması mümkündür. Çünki belə çirklənməyə səbəb olan əsas amil insan fəaliyyətidir. Dənizlər, göllər və çaylar təbiət etibarilə özlərini bərpa edə bilsələr də, insanların bu su hövzələrinə fasiləsiz şəkildə çirkli sular axıtması təbii tarazlığı pozur".

Onun sözlərinə görə, kanalizasiya, sanitar-məişət suları və sənaye tullantılarının bu şəkildə su hövzələrinə axıdılması ciddi ekoloji fəsadlara yol açır:

"Bu səbəbdən də göllərdə müxtəlif bioloji və kimyəvi dəyişikliklər baş verir.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi tərəfindən verilən izahat qətiyyən ağlabatan və elmi əsaslı deyil. İddia olunur ki, guya balıqlar istidən zəhərlənib ölüblər. Bu isə tamamilə əsassızdır. İndiyə qədər istinin təsirindən balıqların zəhərlənməsi və kütləvi ölümü heç bir elmi qaynaqda sübut olunmayıb.

Çünki istilik su tərəfindən udulur və həmin suda müxtəlif ionlar, kimyəvi maddələr və təbii olaraq günəş radiasiyası, elektromaqnit və ultrabənövşəyi şüalar olur. Bütün bunlar əksinə, fitoplanktonlar və digər kiçik su orqanizmləri üçün faydalıdır.

Ona görə də, əsas səbəb istidən yox, gölə çirkab sularının axıdılması ilə bağlıdır. Bu sular gölün turşuluq səviyyəsinin artmasına səbəb olur. Normalda suyun pH dəyəri 7-8 civarında olmalıdır. Amma düşünürəm ki, həmin göldə müstəqil analizlər aparılsa, pH səviyyəsinin 3-4 civarına qədər düşdüyü ortaya çıxar. Belə turş mühitdə isə canlıların, xüsusilə balıqların yaşaması mümkün deyil.

Qısası, problemin əsas kökü çirkab sularının gölə nəzarətsiz axıdılmasıdır. Əgər bu hal davam edərsə, ekosistem tamamilə sıradan çıxa bilər".

Qeyd edək ki, Cəlilabadda göldə balıqların kütləvi şəkildə ölməsi halı baş verib.



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top