Həkimə hörməti itirmək-cəmiyyətimizin sağlamlığına vurulan zərbədir

SOSİAL 19 iyul 2025, 14:23
Son illər Azərbaycanda diqqətçəkən və düşündürücü bir tendensiya müşahidə olunur: həkimlərə qarşı hörmətsizlik artmaqdadır. Xüsusilə sosial şəbəkələrdə, xəbər saytlarında və şayiə platformalarında həkimlərin adı tez-tez mənfi kontekstdə çəkilir.

 Bəzən bu paylaşımlar obyektiv faktlara deyil, emosiyalara və fərdi qərəzlərə əsaslanır. Nəticədə cəmiyyətin ən mühüm təbəqələrindən biri – insan həyatını xilas etməyə çalışan həkimlər – ictimai linçin hədəfinə çevrilir.Həkimlik bir sənət deyil, bir fədakarlıq yoludur. İnsanlar həyatlarını, övladlarını, sağlamlıqlarını həkimlərə etibar edirlər. Günün 24 saatı, bayramı, gecəsi olmayan bu peşə sahibləri təkcə tibbi biliklərlə deyil, mənəvi dözüm, səbir və insan sevgisi ilə çalışırlar. Əgər bu insanlara qarşı ictimai nifrət, şübhə və təhqir atmosferi yaradılırsa, bu yalnız bir peşə sahəsini deyil, bütün səhiyyə sistemini və cəmiyyətin mənəvi əsaslarını sarsıdır.Bəzi xəbər saytları və sosial şəbəkə istifadəçiləri həkimlər haqqında araşdırılmamış, qərəzli və bəzən də yalan məlumatlar paylaşaraq cəmiyyətin qəzəbini bilərəkdən həkimlərə yönəldirlər. Bu paylaşımlar çox vaxt reytinq xatirinə edilir. Lakin nəticəsi real və acıdır: xəstələr həkimlərə güvənmir, gənclər bu peşədən uzaq durur, həkimlər isə qorxu və narahatlıq içində çalışmalı olurlar.Səhiyyədə problemlər mövcuddur və bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Təbii ki, hər peşədə olduğu kimi həkimlər arasında da peşəkar qüsurlar ola bilər və bu halların araşdırılması, obyektiv formada ictimai müzakirəsi vacibdir. Amma bu tənqidlər şəxsi təhqir, ləkələmə və peşənin ümumi nüfuzunun aşağıladılması ilə əvəz olunmamalıdır.Həkimlər qorxduqca riskli hallarda qərar verməkdən çəkinəcək, ağır xəstələrə toxunmaq istəməyəcək, təşəbbüskarlıq azalacaq. Bu isə birbaşa olaraq xəstələrin təhlükəsizliyinə zərbədir. Xəstə həkimə güvənmədikdə müalicə prosesi də uğursuz olur. Elə buna görə də həkimə göstərilən hörmət – əslində öz sağlamlığımıza göstərilən hörmətdir.
Əgər bir peşəyə qarşı ictimai basqı varsa, o peşə nümayəndələri tək buraxılmamalıdır. Hər bir sağlam düşüncəli vətəndaş həkimlərin cəmiyyət üçün nə qədər dəyərli olduğunu bildirməli, onları müdafiə etməlidir. Sosial şəbəkələrdə, mediada, gündəlik həyatımızda — hər yerdə. Unutmayaq: bu gün təhqir olunan bir həkim sabah sizin və ya övladınızın həyatını xilas edə bilər…

Ləman Əliyeva

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top