YapiKredi Müraciət Forması
Sosial

İşçilərin real maaşı üzə çıxacaq — Yeni sistem hazırlanır

İşçilərin real maaşı üzə çıxacaq — Yeni sistem hazırlanır

Azərbaycanda əməkhaqqının ödənilməsi prosesinə nəzarətin gücləndirilməsi, işçilərə çatmalı olan vəsaitlərin tam və vaxtında köçürülməsinin izlənilməsi nəzərdə tutulur. Yeni mexanizm vasitəsilə maaşın gecikdirilməsi, müqavilədə göstəriləndən az ödənilməsi və gəlirin müəyyən hissəsinin gizlədilməsi kimi halların aşkarlanması mümkün olacaq.

Demokrat.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişiklikləri müzakirə edərkən məlumat verib.

Nazir müavininin sözlərinə görə, yeni qaydalara əsasən, işçilərin əməkhaqqı və digər ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilən məlumatlar əsasında Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən elektron ödəniş sistemi vasitəsilə həyata keçiriləcək.

Eyni zamanda, işçilər əməkhaqlarının köçürülməsi üçün bank hesabını özləri seçə biləcəklər.

Zaur Əliyev bildirib ki, yeniliyin əsas üstünlüklərindən biri yalnız əmək müqaviləsində göstərilən məbləğin deyil, işçiyə faktiki ödənilən vəsaitin də elektron qaydada izlənilməsi olacaq.

"Əməkhaqqının gecikdirilməsi, azaldılmış məbləğdə ödənilməsi və ya müəyyən hissəsinin gizlədilməsi kimi halların aşkarlanması və qarşısının alınması üçün daha effektiv nəzarət mexanizmi formalaşacaq", – nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, sistemin tətbiqi işçilərə əməkhaqqı, digər ödənişlər, qanunvericiliklə nəzərdə tutulan tutulmalar və gəlir tarixçələri barədə məlumatları elektron formada əldə etmək imkanı da yaradacaq.

Bundan əlavə, yeni mexanizmin işəgötürənlərin hesabatlılıq yükünü azaltması, vergi və sosial sığorta məlumatlarının daha operativ hazırlanması gözlənilir. Məzuniyyət, ezamiyyə və müvəqqəti əmək qabiliyyətsizliyi zamanı orta əməkhaqqının avtomatik hesablanması da sistemin imkanları sırasında olacaq.

Nazir müavini qeyd edib ki, təklif olunan dəyişikliklər əmək münasibətlərində rəqəmsal məlumat mübadiləsinə əsaslanan vahid və proaktiv nəzarət sisteminin qurulmasına xidmət edir.

Editor
Redaktor