Bakıda kişi başqası ilə münasibətdə olan arvadını bağışladı, sonra isə... — TƏFƏRRÜAT

KRİMİNAL 17 iyul 2025, 18:13
Bakının Suraxanı rayonunda ər və arvad arasında mübahisə düşüb, ər arvadına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 3-də baş verib. Saatlı rayon sakini, 1986-cı il təvəllüdlü Samir Əsədov həmin gün gecə saat 00:10-da arvadı Zəminənin (ad-soyad şərtidir – red.) mobil telefonda “Tik-Tok” sosial şəbəkəsinda uca səslə davamlı olaraq videolara baxdığını görüb. 

O, mobil telefonun səsini azaltmasını və ya qulaqcıqda qulaq asmasını tələb edib. Bu səbəbdən ər-arvad arasında mübahisə yaranıb. 

Bu səbəbdən yaranmış mübahisə zamanı ər qəsdən yumruqla vuraraq arvadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən S. Əsədovun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə 2008-ci ildə ailə həyatı qurub: “Bu evlilikdən üç övladımız var. Əvvəllər arvadım ilə münasibətlərimiz yaxşı olub. Daha sonra onun mobil telefonda başqa şəxslərlə danışmasını və yazışmasını tutdum. Övladlarıma görə onu bağışladım”. 

S. Əsədov qeyd edib ki, mayın 3-də, saat 00:10-da yaşadıqları evdə olan zaman arvadı Zəminənin “Tik-Tok” sosial şəbəkəsində uca səslə videoya baxdığını görüb: “Ondan videonun səsini almasını və ya qulaqcıqla qulaq asmasını xahiş etdim. Bu səbəbdən arvadım ilə aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbi olduğum üçün yumruqla bir dəfə arvadımın üz nahiyəsindən vurdum. Bir müddət sonra arvadım ağrıdığını dediyindən onu Sabunçu xəstəxanasına apardım. Müayinə edildikdən sonra evə gətirdim”. 

Təqsirlənirilən şəxs qeyd edib ki, həmin vaxt evdə özü, həyat yoldaşı və uşaqları olub: “Zərərçəkmiş şəxsin xalası qonşuluqda yaşayıb. Hadisədən sonra səsə xalası bizə gəldi. Əvvəllər zərərçəkmiş şəxsə xəsarət yetirməmişəm. Həyat yoldaşım ilə əvvəllər münasibətim yaxşı olub. İlk dəfədir ki, belə bir hal yaşanıb. Hazırda barışmışıq, birlikdə yaşayırıq”. 
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxs ərinə qarşı şikayətini geri götürüb. 

Bu səbəbdən S. Əsədovun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top