Neftçalada əri tərəfindən şiddət görən qadının qisası ağır oldu —TƏFƏRRÜAT

KRİMİNAL 15 iyul 2025, 21:11
Neftçala rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin aprelin 25-də Neftçala rayonunun kəndlərindən birində baş verib. 

Kənd sakini, 1990-cı il təvəllüdlü Vüqar Məmmədov həmin gün saat 10 radələrində kənddə yerləşən və birlikdə yaşadıqları evdə arvadı Zahirə (ad-soyad şərtidir – red.) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. 

Bu zaman təqsirləndirilən şəxs arvadının üz və bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq, təpik və ağac parçası ilə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 

Hadisəni törədən V. Məmmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs ilə 2016-cı ildə evlənib: “Ümumi ailə münasibətlərimizdən 2 uşağımız var. Aprelin 25-də, saat 10 radələrində yaşadığım evdə arvadım heç bir səbəb olmadan üzərimə gələrək mübahisə yaratdı, məndən atasının ünvanına təhqiramiz  ifadələr işlətməyimin səbəbini soruşdu. Mən də atası haqqında heç bir söz demədiyimi bildirdi. Həmin vaxt arvadım əsəbi olduğu üçün üzərimə gələrək, əli ilə bədənimin müxtəlif yerlərini cırdı və mərhum atamın ünvanına nalayiq ifadələr dedi. Bundan əsəbiləşərək əli ilə arvadımın üz nahiyəsinə bir neçə dəfə vurdum. Bundan sonra o, yaşadığımız evdən çıxdı. Mənim orta məktəbinin yanında saxladığım “Mercedes-Benz” markalı avtomobilinin arxa iki tərəfin stoplarını, arxa parpesini, qabaq farasını daşla vuraraq sındırdı. Avtomobilə bunun nəticəsində 500 manat ziyan dəydi”.

Təqsirləndirilən şəxs deyib ki, hadisə vaxtı arvadı onu döyməyib, lakin əli ilə bədəninin müxtəlif yerlərini cırmaqlayıb. 

İş üzrə zərərçəkmiş Z. Məmmədovanın ifadəsinə görə, aprelin 25-də, saat 10 radələrində yaşadığı evdə əri Vüqar  heç bir səbəb olmadan onu nalayiq sözlərlə təhqir edib, əli ilə üz nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vurduqdan sonra ayağı ilə bədəninin müxtəlif nahiyələrinə təpik vurub: “Daha sonra yerdə olan ağac parçasını götürərək ayaq nahiyəmə zərbələr vuraraq məni döydü. Özümü müdafiə etmək, Vüqarın əlindən çıxmaq üçün əli ilə onun üz və boğaz nahiyələrini cırmaqladım. Evdən çıxaraq kənd tam orta məktəbindən uşaqlarımı götürərkən Vüqarın birgə nikah dövründə aldığımız avtomobili məktəbin qarşısında saxladığını gördüm. Ərimin məni döyməsinə əsəbiləşdim, avtomobilin onda qalacağını düşündüm. Bu zaman yerdən götürdüyüm daşla “Mercedes-Benz” markalı avtomobilin arxa iki tərəfin stoplarını, arxa parpesini və qabaq farasını daşla vuraraq sındırdım. Daha sonra uşaqlarımı da götürərək atamın  evinə getdim. Hadisə vaxtı mən Vüqarı söyməmişəm, sadəcə olaraq özümü müdafiə etmək məqsədilə əli ilə onun üz və boğaz nahiyələrini cırmaqlamışam”.

Bu cinayət işinə Neftçala Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə V. Məmmədov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub. 

Onun cəza çəkdiyi müddətdə Neftçala rayonunun inzibati ərazisini tərk etməsi qadağan edilib. Müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin  dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb. 

Təqsirləndirilən şəxsin kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməsinə də qadağa qoyulub.  

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top