"Paşinyanın çıxışları sadəcə populist manevrlərdir — Politoloq

GÜNDƏM 16 iyul 2025, 15:37
İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl onu paraflaya bilər.  Nikol Paşinyan mətbuat konfransında bildirib ki, belə bir ideya da var.  Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanması yolunda heç bir imkanı əldən vermir.

Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib ki,  Paşinyanın “sülh sazişini paraflamaq ideyası” əslində daha çox beynəlxalq ictimaiyyətin gözünü boyamaq cəhdidir:

“O, daxildə getdikcə artan narazılığı və siyasi parçalanmanı ört-basdır etmək üçün sülh tərəfdarı görüntüsü yaratmağa çalışır. Halbuki Ermənistanın konkret addımları hələ də revanşist təfəkkürdən tam uzaqlaşmadığını göstərir. Paraflama – sadəcə texniki mərhələdir, amma siyasi iradənin göstəricisi deyil. Əgər Paşinyan səmimi olsaydı, konstitusiyada “Dağlıq Qarabağ” iddiasını aradan qaldırar, Azərbaycana qarşı ərazi iddialarına hüquqi nöqtə qoyardı. Ermənistan tərəfi bu gün sülhdən danışır, sabah isə Fransadan silah alır, ya da Aİ müşahidəçiləri ilə sərhəddə yeni təxribat planlaşdırır. Bu, sülh yox, vaxt qazanmaq taktikasıdır. Paşinyan qərb dairələrinə sadiq görünmək istəyir, amma Kremlə də “sizsiz bu iş alınmaz" mesajı verir”.

Politoloq diqqətə çatıdırıb ki, bu ikiüzlü siyasət regional sabitlik üçün ciddi təhdiddir:

“Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa edib və yeni sülh sazişi əgər imzalanacaqsa, bu, məğlub tərəf kimi Ermənistanın şərtsiz razılığı ilə baş tutacaq. Paşinyan isə bu həqiqəti seçicisinə açıq deməyə cəsarət etmir. Sülh - bəli, mümkündür, amma Paşinyanın dediklərinə əsaslanaraq yox. Ermənistan real olaraq öz konstitusiyasını dəyişməyincə, silahlanmadan imtina etməyincə və təxribatlardan əl çəkməyincə bu bəyanatlar sadəcə diplomatik oyunlardır. Bakı artıq “səbirli diplomatiya” yox, “qətiyyətli reallıq” mərhələsindədir. Paşinyanın çıxışları isə regionun taleyini müəyyən etməyə qadir siyasi iradə deyil, sadəcə populist manevrlərdir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top