Kolleclər nə tam ali bilik verir, nə də praktik bacarıq — AÇIQLAMA

GÜNDƏM 10 iyul 2025, 18:09
“Təhsil haqqında” Qanunun 13.2.6-cı maddəsində təhsil sisteminin əsas vəzifələrindən biri kimi əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı qeyd olunur. Əgər kolleclər bu funksiyanı yerinə yetirmirsə və onların hazırladığı kadrlar əmək bazarının tələblərinə cavab vermirsə, bu zaman yalnız bir-iki ixtisasın deyil, ümumilikdə kollec təhsilinin təyinatı və effektivliyi sual altına düşür. “Peşə təhsili haqqında” Qanunun 4.3-cü maddəsində də vurğulanır ki, orta ixtisas təhsili istehsal və xidmət sahələrinin kadr təminatında mühüm rola malikdir. Lakin hazırkı vəziyyətdə kolleclər bu funksiyanı effektiv şəkildə yerinə yetirə bilmir.”

Bunu Demokrat.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, 2023-cü ildə Dövlət Statistika Komitəsinin və Təhsil İnstitutunun apardığı monitorinqlərə əsasən, kollecləri bitirən məzunların yalnız 38 faizi ixtisasına uyğun işlə təmin olunur:

“Bu göstərici pedaqoji ixtisaslarda isə daha aşağı — 22 faiz civarındadır. Sertifikasiya və MİQ imtahanlarında kollec məzunlarının nəticələri daha da zəifdir: Təhsil Nazirliyinin 2022 və 2023-cü illər üzrə statistik hesabatlarında qeyd olunur ki, müəllimlik ixtisası üzrə kollec bitirənlərin təxminən 80 faizi keçid balını toplaya bilmir. Bu fakt tədris proqramlarının zəifliyi, praktik hazırlığın olmaması və müasir pedaqoji texnologiyaların kolleclərdə tətbiq olunmaması ilə izah olunur.

Bununla belə, bu problemi həll etməyin yolu təkcə ixtisasların ləğvi deyil. Problemin kökü kollec təhsilinin ali təhsillə peşə təhsili arasında qalmış, qeyri-müəyyən struktur kimi təşkil olunmasında və illərlə dəyişikliyə uğramamış formal proqramlarda axtarılmalıdır. Bu təhsil pilləsi nə tam ali bilik verir, nə də praktik bacarıq. Elə bu səbəbdən də nə pedaqoji sahədə, nə də texniki-peşə sahəsində kollec məzunları əmək bazarında rəqabətə davamlı ola bilmir.”

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top