Plastik qablaşdırmalardakı böyük təhlükə

MARAQLI 09 iyul 2025, 00:23
Norveçli alimlərin apardığı araşdırmaya görə, ərzaq sənayesində istifadə olunan demək olar ki, bütün plastik qablaşdırmalar yeməkləri və içkiləri mikro və nano plastiklə çirkləndirir.

Demokrat.az xəbər verir ki, tədqiqatçılar 103 elmi işin nəticələrini təhlil edib və onlardan 7-sini yüksək etibarlı hesab ediblər.

Nəticələrə görə, polietilen, polipropilen, PET, polistirol, poliamid və melamin qablaşdırmalarda saxlanılan yemək və içkilərin 96%-də plastik parçacıq aşkarlanıb.

Alimlər qeyd edib ki, mikroplastik içkilərə əsasən plastik qapaq açılarkən və çay paketləri dəmlənərkən, yeməklərə isə plastik doğrama taxtalarında kəsilərkən keçir.

Mikroplastik çirklənmə duz, balıq konservləri, düyü, mineral su, pivə, qazsız içkilər və paketlənmiş yeməklərdə aşkarlanıb.

Alimlərin sözlərinə görə, bu, insan sağlamlığına mənfi təsir göstərir, xüsusən də bağırsaq mikrobiomunun tərkibini dəyişə bilər.

Mikroplastikin təsirləri arasında oksidləşdirici stress, iltihablanma, neyrotoksiklik, immun və reproduktiv dəyişikliklər, eləcə də endokrin sistemin fəaliyyətində pozuntular göstərilib.

Əvvəllər elm adamları mikroplastikin əsasən torpaq, hava və su kimi mühitdən insana keçdiyini düşünürdülər. Amma indi məlum olub ki, bu prosesdə ərzaq sənayesinin də böyük rolu var. Bundan əlavə, alimlər yeməklərdə daha kiçik ölçülü mezoplastik parçacıqların da olduğunu bildiriblər.

Qeyd edək ki, mikroplastik insan qanında ilk dəfə 2022-ci ildə aşkarlanıb. Sonradan o, Antarktida qarında, mal-qara südü və ətində, bitki yarpaqlarında və quşların orqanizmində də tapılıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top