
YouTube sosial platformasında vaxtaşırı Azərbaycanın yaxın siyasi keçmişini əks etdirən videolar yayılır. Belə videolardan növbətisi həmin platformada ictimailəşib.
Globalinfo.az xəbər verir ki, 1987-ci ildə Moskvada Azərbaycan günləri keçirilib. Tədbirə Bakıdan geniş tərkibli nümayəndə heyəti qatılıb. İştirakçılar arasında şairlər, rəssamlar, yazıçılar, bəstəkarlar, müğənnilər, incəsənət nümayəndələri, zəhmət adamları və sair olub. Nümayəndə heyətinə Ramiz Mehdiyevlə Ayaz Mütəllibov rəhbərlik edib. O dövrdə adıçəkilən şəxslər yüksək vəzifə tutublar. Ramiz Mehdiyev Mərkəzi Komitədə ideoloji məsələlər üzrə katib, Ayaz Mütəllibov isə Azərbaycan SSRİ Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri olub.
Videodan göründüyü kimi, Mehdiyevlə Mütəllibov kifayət qədər yaxın olublar. Bu, yalnız protokoldan irəli gəlməyib, görünür, yaxınlıq şəxsi münasibətlərə də sirayət edib.
Azərbaycan müstəqillik qazandıqdan sonra R.Mehdiyevlə A.Mütəllibovun arasında ziddiyyət yarandı. Bu da onların tutduğu siyasi xəttə bağlı idi. Hər ikisi alovlu kommunist, partokrat kimi ad çıxarıblar. Lakin Ayaz Mütəllibov 1991-ci ildən sonra da Rusiyaya bağlılığını davam etdirdi. Bu da onun sonunu gətirdi.
Ramiz Mehdiyev isə Heydər Əliyevin tərəfdarı kimi yön dəyişdirdi. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən qısa müddət sonra Ramiz Mehdiyev müstəqil Azərbaycan Respublikasında ən yüksək vəzifələrdən birini tutdu. 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri oldu.
38 il öncəyə aid həmin videonu təqdim edirik:

