İlahiyyatçı: “Kərbəla məktəbi bizə öyrədir ki, əqidəni müdafiə etmək hər şeydən üstündür”

GÜNDƏM 04 iyul 2025, 14:52
Azərbaycanda 2025-ci ildə Məhərrəm ayı iyunun 26-da başlayıb. İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur. Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyulun 5-nə təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm - İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür. Bütün müsəlman aləmində matəm və hüzn içində yad edilir.

İlahiyyatçı Ağa Hacıbəyli Demokrat.az-a açıqlamasında deyib ki, Hicri-qəməri təqviminə görə yeni bir ilə – 1447-ci ilə qədəm qoymuşuq:

“Bu ilin ilk ayı olan Məhərrəm, İslam aləmində dərin mənəvi və tarixi anlam daşıyır. Qurani-Kərimdə Tövbə surəsinin 36-cı ayəsində qeyd olunur ki, Allah qatında ayların sayı on ikidir və onlardan dördü haram aylardır. 

Məhərrəm bu haram aylardan biridir – yəni müqəddəs, toxunulmaz, müharibədən, düşmənçilikdən çəkinilən bir zamandır. Cahiliyyət dövründə belə, ərəblər Məhərrəm ayına hörmətlə yanaşır, savaşları dayandırar, ibadətə və ailəvi dincliyə önəm verərdilər. 

İslam bu təməl anlayışları qoruyaraq daha dərin bir mənəvi çərçivəyə saldı. Bu ay bizlər üçün təkcə təqvimdəki başlanğıc deyil, həm də haqqla batilin mübarizəsinin simvolu olan Kərbəla hadisəsini xatırladığımız, dərindən təfəkkür etdiyimiz bir dövrdür. 

Məhərrəm ayının 10-cu günü Aşura  müsəlman tarixində dönüş nöqtəsidir. 680-ci ildə, Kərbəla çölündə, Peyğəmbərimizin (s.a.s) nəvəsi İmam Hüseyn (ə) və ailəsinin 72 fədakar üzvü Yezid rejiminin zülmünə qarşı çıxdıqları üçün şəhid edildilər. Onlar susuz, aclıq içində, haqq yolunda canlarını fəda etdilər. Bu hadisə sadəcə bir matəm deyil, əslində bir məktəbdir – Kərbəla Məktəbi. Bu məktəb bizə öyrədir ki, haqq yolda durmaq, zalimin qarşısında boyun əyməmək və əqidəni müdafiə etmək hər şeydən üstündür”.

İlahiyyatçı əlavə edib ki, bu ayda keçirilən əza mərasimlərinin, moizələrin, xütbələrin və matəm məclislərinin əsas məqsədi insanı Allaha yaxınlaşdırmaq, əxlaqı ucaldatmaq və birliyi möhkəmləndirmək olmalıdır:

“Əgər bu mərasimlər məzhəb ayrı-seçkiliyinə, nifrətə, təfriqəyə səbəb olursa, bu artıq İslamın ruhuna ziddir. 

Unutmayaq ki, Kərbəla mesajı fərdiləşdirilmiş, milliləşdirilmiş, yaxud siyasi alətə çevrilməməlidir. Bu hadisə bütün bəşəriyyətə ünvanlanan bir haqq çağırışıdır. Əhli-beytin yolunu anmaq, yaşatmaq – yalnız göz yaşı ilə deyil, həm də davranış və düşüncədə olmalıdır Kərbəla bir tarix deyil, bir çağırışdır. 

Kərbəla bizə həm ağlamağı, həm də o dərddən dərs almağı öyrədir. Gəlin bu dərsi doğru oxuyaq, cəmiyyətimizi daha sağlam, daha birliyə söykənən hala gətirək. Allah Məhərrəm ayını xalqımız üçün bərəkətli etsin”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 iyul 2025, 15:35
Top