Xırdalanda qadınlar kişi üstündə saçyolduya çıxdılar — TƏFƏRRÜAT

KRİMİNAL 23 iyun 2025, 12:43
Abşeron rayonunda 1985-ci il təvəllüdlü Nəzakət şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Zəminəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Xaçmaz rayon sakini Nəzakət bu ilin fevralın 3-də, saat 20 radələrində qonaq qismində getdiyi rəfiqəsi Zəminənin yaşadığı ünvanda ümumi tanışları olan Nizamın onu sosial şəbəkədə təhqir edərək hədələməsi ilə bağlı Daxili İşlər Nazirliyin “102”  xidməti və Abşeron Rayon Polis İdarəsinə şikayət etməsi ilə əlaqədar aralarında fikir ayrılığı yaranıb. 

Bu zamanı Nəzakət Zəminənin Nizami müdafiə etməklə ondan həmin şikayətini geri götürməsini tələb etməsindən əsəbiləşib. O,  narazılıqla bağlı mübahisə edib və həmin mübahisə əsnasında həmin ünvanda Zəminənin üzərinə hücum edib. Qəsdən əvvəlcə əli ilə Zəminənin sifət nahiyəsindən vurub. 

Hadisəni törədən Nəzakətin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəzakət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, onun barəsində şikayət edən zərərçəkmiş Zəminə onun rəfiqəsidir: “Onu təxminən 6-7 il  olar ki, tanıyıram. Mən 2003-cü ildə Amil ilə ailə həyatı qurmuşam və birgə nigahdan 2004, 2006 və 2007-ci il təvəllüdlü 3 övladım var. 2012-ci ildə Xaçmaz rayon məhkəməsinin qərarı ilə Amildən boşanmışam və ayrı yaşayıram”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin yanvar ayının sonlarında Zəminənin Xırdalan şəhərində yaşadığı evinə qonaq gəlib və onlarda qonaq kimi qalmağa başlayıb: “Fevralın 3-də Zəminənin əvvəllər qeyri-rəsmi münasibətdə olduğu Nizam adlı şəxsdən Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət etdim. Həmin gün saat 20 radələrində Zəminəgilə gəldim. Sonra Zəminəyə nəyə görə Nizamın barəsində məlumatları, yəni soyadını və ata adını mənə deməməsini soruşdum. Bu zaman Zəminə məni təhqir etdi və Nizama heç nə edə bilməyəcəyimi dedi. Onun bu sözlərindən əsəbiləşdim və şillə ilə Zəminənin üz nahiyəsindən bir dəfə vurdum. Sonra isə əlim ilə Zəminənin saçından tutaraq yerə yıxdım və Zəminə sağ qolumdan xəsarət aldı. Daha sonra isə Zəminənin evindən çıxaraq getdim”. 

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəzakət  aylıq qazancından 15 faiz dövlət nəfinə tutulmaqla 1 il 8 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top