Paytaxtın Ağdama köçürüləcəyini düşünmürəm — Deputat

GÜNDƏM 14 iyun 2025, 15:30
“Paytaxtın köçürülməsi məsələsi bir neçə il əvvəl də gündəmdə idi, zaman-zaman gündəmə gəlir. Bu da onunla əlaqədardır ki, Bakı həddən artıq yüklənib. Urbanizasiya əslində bütün dünyada gedən prosesdir, amma təəssüflər olsun ki, bizdə bu proses bir qədər sürətlə gedib. Bunun da obyektiv və subyektiv səbəbləri var. Regiondan bir çox insanlar Bakıya axın edib, Bakının özündə çox sayda binalar tikilib, Bakıətrafı kəndlər də genişlənib və birləşib bir-birinə. Bu da bir sıra problemlərə səbəb olur: tıxac yaranır, kommunal xidmətlərlə bağlı çətinliklər meydana çıxır”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, paytaxtın Ağdama köçürüləcəyini düşünmür:



“Ağdamda, ümumiyyətlə, azad edilən ərazilərdə böyük bərpa-quruculuq işləri həyata keçirilir. Ağdamda isə təxminən 100 minlik şəhər inşa edilir. Binalar tikilib, müasir yollar salınıb, infrastruktur layihələri həyata keçirilib. Ağdamlılar 30 ilə yaxındır öz doğma yurdlarından kənarda yaşayırlar. İlk növbədə, onların öz doğma yurdlarına qayıtmaq haqları var və bu, dövlət tərəfindən təmin ediləcək, bu istiqamətdə addımlar atılır. Amma paytaxtın Ağdama köçürülə biləcəyi ehtimalının olduqca aşağı olduğunu hesab edirəm. İstənilən halda, gələcəkdə bu məsələlər qaldırıla bilər. Bakı paytaxt kimi qala bilər, bəzi nazirliklərin və ali təhsil müəssisələrinin bölgələrə köçürülməsi ilə sıxlığa son qoyula bilər”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyun 2025, 22:59
Top