Alim: “Təhsil sahəsində atılan bu addım bir neçə istiqamətdə əhəmiyyət daşıyır”

SİYASƏT 04 iyun 2025, 18:22
Elm və təhsil naziri Emin Əmrullayev “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, hazırda 20-dən artıq təhsil müəssisəsi var və növbəti tədris ilində işğaldan azad edilmiş ərazilərdə bu say 40-ı ötəcək. Onun sözlərinə görə, azad edilmiş ərazilərdə təhsil prosesi çox sürətli davam edir.

Bununla bağlı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Demokrat.az-a açıqlama verib.

O deyib ki, azad edilmiş ərazilərdə təhsilin inkişafı və vətəndaşların təhsilə əlçatanlığının təmin olunması təkcə sosial dəstək deyil, həm də strateji dövlət siyasətidir:

“Bu yanaşma həm Böyük Qayıdış Konsepsiyasının ruhuna uyğundur, həm də həmin ərazilərdə dayanıqlı yaşam və iqtisadi inkişafın bünövrəsini qoyur. Peşə təhsilinin önə çıxarılması, təhsil haqlarının dövlət tərəfindən ödənilməsi və müasir təhsil infrastrukturunun qurulması, xüsusən də ağıllı kənd və şəhər modellərinə uyğunlaşması, ölkənin gələcək ixtisaslı kadr potensialını gücləndirməklə yanaşı, regionun da inkişafını sürətləndirəcək. Əlavə olaraq, bu təşəbbüslərin Prezidentin birbaşa rəhbərliyi ilə həyata keçirilməsi həm siyasi iradəni, həm də məsuliyyətli yanaşmanı əks etdirir. Təhsil sahəsində atılan bu addım bir neçə istiqamətdə əhəmiyyət daşıyır. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan ailələrin təhsil xərclərinin qarşılanması həmin ailələrin iqtisadi yükünü azaldır, uşaqların və gənclərin təhsildən yayındırılmasının qarşısını alır və sosial ədalətin bərqərar olunmasına xidmət edir”.

Ekspert diqqətə çatdırıb ki, həmin bölgələrdə fəaliyyət göstərəcək ağıllı kəndlər və şəhərlərin tələbatını qarşılayacaq müasir və ixtisaslı kadrların yetişdirilməsi vacibdir:

“Bu baxımdan peşə təhsili sahəsində hazırlanan mütəxəssislər gələcəkdə bölgənin texniki, kənd təsərrüfatı, xidmət və sənaye sahələrində aparıcı rol oynayacaqlar. Peşə təhsili alan vətəndaşların gələcəkdə həmin bölgələrdə işlə təmin olunması həm məşğulluğun artmasına, həm də yerli iqtisadiyyatın dirçəlməsinə böyük töhfə verəcək. Azad olunmuş ərazilərdə artıq ən müasir təhsil müəssisələri məktəblər, peşə və texniki kolleclər tikilib istifadəyə verilir. Bu müəssisələr texniki avadanlıq baxımından yüksək səviyyədə təchiz olunub və bir çox hallarda dünyanın inkişaf etmiş ölkələrindəki oxşar təhsil müəssisələrindən geri qalmır, bəzi hallarda isə daha üstün imkanlara malikdir. Bu təhsil müəssisələrinin yaradılması təkcə infrastrukturun inkişafı deyil, eyni zamanda bölgənin intellektual potensialının yenidən formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Nəticə olaraq, bu təşəbbüs bir tərəfdən sosial rifahı yüksəldir, digər tərəfdən isə gələcəyin rəqabətqabiliyyətli və milli dəyərlərə bağlı mütəxəssislərinin yetişdirilməsinə şərait yaradır. Bu, həm də dövlətin və cəmiyyətin birgə məsuliyyəti çərçivəsində, azad edilmiş torpaqlarda həyatın tam bərpasına yönəlmiş strateji yanaşmadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işlər mərhələli, sistemli və vətəndaş mərkəzli şəkildə həyata keçirilir və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun layiqli gələcəyi dayanır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top