ABŞ və İsrail şirkətlərinə kiberhücumlar təşkil edən Azərbaycan vətəndaşına hökm oxundu

KRİMİNAL 03 iyun 2025, 16:02
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Şəmkir rayon sakini Tural Rasim oğlu Əliyevin cinayət işi üzrə son məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Tural Əliyev 2 il 6 ay müddətinə azadlıqdan mərhum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

İttihama görə, “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən proqramları əldə edərək tətbiq etməkdə, habelə nəhəng yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etməkdə ittiham olunur.

Belə ki, o, kompüter texniki avadanlıqlarından istifadə edərək yerli və xarici fiziki, hüquqi şəxslərin mobil telefonlarına müdaxilə edib.

Bundan başqa, o, xarici şirkətlərə məxsus hamıya açıq olmayan məlumatlara giriş əldə edib.

Tural Əliyev Cinayət Məcəlləsinin 271.2.1-ci (kompüter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham olunaraq həbs edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top