“Bu, artıq mövcud təhsilin zəifliyini daha da dərinləşdirə bilər” — Dərs ili qısaldır?

GÜNDƏM 30 may 2025, 16:02
Təhsil eksperti Nadir İsrafilov deyib ki, məktəblərdə nizam-intizam məsələlərinə, xüsusilə də dərsə davamiyyətə nəzarət gücləndirilməli, dərs ili uzun sınaqlardan çıxmış əvəlki qaydada – sentyabrın 1-də başlamalı, mayın 24-də başa çatdırılmalı, buraxılış imtahanı ilə qəbul imtahanları birləşdirilərək təkpilləli imtahan modelinə keçilməlidir. Bu, Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında uzun illərdən bəri davam edən qarşılıqlı ittihamlara son qoymaqla yanaşı, həm də məzunlarımızı əlavə yükdən, vaxt itkisindən, psixoloji gərginlikdən, fiziki və mənəvi sağlamlıqları üçün təhlükə yaradan stressdən azad etmiş olar. Eyni zamanda, ali təhsil müəssisələrinə qəbul qaydalarının sadələşdirilməsi ali təhsil üçün xarici ölkələrə axının qarşısını ala bilər. 

Demokrat.az-a tanınmış təhsil eksperti Kamran Əsədov deyib ki, sözügedən təklifləri ayrı-ayrılıqda və bütöv bir konsepsiya kimi qiymətləndirdikdə, onların real nəticələri və mümkün riskləri ciddi təhlil tələb edir:

“Nadir İsrafilovun təklifləri – dərs ilinin əvvəlki tarixlərə qaytarılması, dərsə davamiyyətin gücləndirilməsi və buraxılış ilə qəbul imtahanlarının birləşdirilərək təkpilləli imtahan modelinə keçilməsi – ilk baxışda sadələşdirici və stressi azaldıcı kimi təqdim olunsa da, bu yanaşma strateji baxımdan həm məntiqi uyğunsuzluq, həm də təhsil sisteminin müasir tələblərinə cavab verməyən, geriyə dönüş xarakteri daşıyır. Əvvəla, dərs ilinin əvvəlki tarixlərə qaytarılması təhsilin məzmunu və davamiyyəti ilə bağlı problemi həll etmir. Əgər dərslərin keyfiyyəti aşağıdırsa, bu təqvim dəyişikliyi ilə heç nə dəyişməyəcək. Əslində, bu məsələ sadəcə müddət problemi deyil, məzmun və metodika problemidir. Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, dərs ili Finlandiyada 190-195 gün, Almaniyada 188-200 gün, Cənubi Koreyada 220 gün, Sinqapurda 200 gün təşkil edir. Azərbaycanda isə bu göstərici rəsmi olaraq 165-170 gün civarındadır. Dərs ilinin müddətini daha da qısaltmaq, şagirdlərin dərsdə olma günlərini azaltmaq nə keyfiyyətin artmasına, nə də intizamın möhkəmlənməsinə xidmət edəcək. Əksinə, bu, artıq mövcud təhsilin zəifliyini daha da dərinləşdirə bilər. İkinci məsələ dərsə davamiyyətə nəzarətin gücləndirilməsi ilə bağlıdır. Burada köklü problem, əslində, məktəbdə şagirdin niyə dərsə gəlmək istəməməsindədir”.

Ekspert əlavə edib ki, hazırda minlərlə şagird 10 və 11-ci siniflərdə dərslərə yalnız formal olaraq qatılır, çünki həmin siniflərdə ali məktəbə hazırlıq prioritetə çevrilir:

“Bu isə məktəbin öz funksiyasını itirməsi ilə bağlı daha dərin bir struktur böhranın əlamətidir. Dəyişiklik yalnız inzibati nəzarətlə deyil, təhsilin təşkili formasının yenidən qurulması ilə mümkündür. Əgər məktəbdə dərs maraqlı, funksional və qəbul imtahanlarına inteqrasiya olunmuş formada aparılmırsa, valideyn və şagird təbii olaraq öz vaxtını repetitor sisteminə yönəldəcək. Ən kritik təklif isə buraxılış imtahanı ilə qəbul imtahanının birləşdirilərək təkpilləli imtahan modelinə keçilməsi ilə bağlıdır. Bu ideya sovet dövründəki kimi, təhsilin qiymətləndirmə mexanizmini mərkəzləşdirməyə və sadələşdirməyə çağırış kimi səslənsə də, bu günün pedaqoji, psixometrik və sosial reallıqları ilə ziddiyyət təşkil edir. Çünki buraxılış imtahanı məktəbin nəticəsini, yəni ümumi orta təhsilin mənimsənilmə səviyyəsini ölçür. Qəbul imtahanı isə universitetə daxil olmaq üçün rəqabət sistemidir. Bu iki qiymətləndirmə tamam fərqli məqsədlərə xidmət edir. Onların birləşdirilməsi şagirdlər arasında ədalətsizliyin artmasına, regionlar üzrə fərqlərin daha da dərinləşməsinə və sosial təbəqələşmənin güclənməsinə səbəb ola bilər. Hazırda Dövlət İmtahan Mərkəzi qəbul imtahanını eyni qaydada, eyni testlə, eyni standarta uyğun təşkil etdiyi üçün nisbətən obyektivlik təmin olunur. Bu sistemin tamamilə ləğv edilərək məktəblərin verdiyi nəticəyə əsaslanması – yəni qiymətləndirmə funksiyasının təhsilalan və təhsilverən arasında yerləşdirilməsi – korrupsiya risklərini kəskin artırar”.

K.Əsədovun sözlərinə görə, psixoloji stressin azaldılması kimi arqument də reallığa söykənmir:

“Əksinə, birləşdirilmiş imtahan daha çox psixoloji təzyiq doğura bilər, çünki şagird üçün tək imtahanla həm buraxılış, həm qəbul nəticəsi müəyyən olunacaq. Bu isə ikinci şansın olmaması, təkrar imtahan imkanlarının məhdudlaşdırılması deməkdir. Dünya təcrübəsində – məsələn, Fransada (Baccalauréat), Almaniyada (Abitur) və İngiltərədə (A-levels) – buraxılış və qəbul qiymətləndirmələri bir sistem daxilində olsa da, çoxpilləli və mərhələli şəkildə həyata keçirilir və hər biri tədris prosesinə tam inteqrasiya olunmuş, elmi əsaslı metodologiya ilə dəstəklənir. Azərbaycanda isə nə məktəblərin qiymətləndirmə mexanizmləri bu qədər dəqiq və şəffafdır, nə də müəllim resursları bu cür yükləməyə hazırdır. Xaricə axının qarşısının alınması isə imtahan sisteminin sadələşdirilməsi ilə deyil, ali təhsilin keyfiyyətinin artırılması ilə mümkündür. Azərbaycan abituriyentlərinin Türkiyə, Almaniya, Macarıstan, Polşa kimi ölkələrə yönəlməsinin səbəbi qəbulun çətinliyi deyil, orada təhsilin daha innovativ, praktik yönümlü və şəffaf olmasıdır. Sadəcə test modelini dəyişməklə bu axının qarşısını almaq mümkün deyil. Əgər real dəyişiklik istənilirsə, təhsilin bütövlükdə məzmunu, qiymətləndirilməsi, məktəb və universitet münasibətləri yenidən qurulmalıdır. Hədəf sadəcə inzibati mexanizmlərin dəyişməsi yox, təhsilalanın fərdi inkişafını əsas götürən sistemin qurulması olmalıdır. Əks halda, illərlə dəyişən tarixlər, qaydalar, mexanizmlər sadəcə illüziya doğuracaq, lakin mahiyyət olduğu kimi qalacaq”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top