Rəsmi nikahı olmayan müğənnilərin kəbinini kim kəsir?

GÜNDƏM 23 may 2025, 17:43

Azərbaycanda rəsmi nikah olmadan dini kəbinlərin kəsilməsi qanunla qadağandır.

Amma son zamanlar bəzi tanınmış simalar, məşhurlar, xüsusilə də müğənnilər televiziya efirlərində açıq-aşkar şəkildə rəsmi nikahları olmadığı halda dini kəbinlərinin olduğunu etiraf edirlər.

Bu şəxslər efir vasitəsilə bildirirlər ki, “yoldaşı”nın birinci ailəsi var, lakin onunla da dini kəbini var. Ölkəmizda rəsmi ailəsi olana dini kəbin kəsilmir. Kəbin kəsdirmək istəyənlərdən rəsmi nikah sənədi istənilir.

Bəs dövlətin qoyduğu bu qadağaya baxmayaraq, həmin şəxslərin dini kəbinlərini kim və necə kəsir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan ilahiyyat üzrə ekspert Fazil Əhməd bildirib ki, bəzi insanlar rəsmi orqanlara və ya məscidə müraciət etmədən, dini təhsili olan, lakin məsciddə axund vəzifəsi daşımayan şəxslərə üz tutaraq dini kəbin kəsdirirlər:

“Onların bu cür həyat tərzinə haqq qazandırmasam da, şəriət qaydalarını izah etməliyəm. Biz də bu hallarla tez-tez rastlaşırıq. Bununla bağı şəxsən mənə müraciət edən insanları məscid axundlarına yönləndirirəm.Çünki kəbin yalnız rəsmi nikah əsasında kəsilməlidir. Dövlətimizin qanunları var və nikah olmadan kəbinin kəsilməsinə icazə verilmir. Hətta nikah varsa belə, yenə də bu proses məscid axundları vasitəsilə həyata keçirilməlidir. 

Lakin bəzi insanlar rəsmi qurumlara və ya məscid axundlarına müraciət etmirlər. Onlar dini təhsili olan, lakin heç bir məsciddə axundluq etməyən müstəqil şəxslərə, mollalara üz tuturlar. Bu şəxslər qohum və ya yaxın tanışlarıdırsa, onlardan kəbin kəsməyi xahiş edirlər.

Məsələn, bir müğənni deyir ki, filan şəxslə qeyri-rəsmi birlikdə yaşamaq istəyirəm, lakin aramızda kəbin də olmalıdır. O halda dini təhsilli bir molla fikirləşir ki, onların kəbinini oxumasa, bu şəxslərin günaha düşə biləcəyini düşünərək onların kəbinini kəsir. 

Belə hallarda qeyri-rəsmi şəkildə kəbin kəsilir. Qohum-əqrəba arasında dini təhsili olan biri varsa, o bu işi görür və heç kim də açıb demir ki, filankəs bizim kəbinimizi kəsdi”. Onun sözlərinə görə, hazırda bunların qarşısını inzibati qaydada almaq qeyri-mümkündür:

“Digər bir variant isə xaricdə yaşayan ilahiyyatçılar vasitəsilə həyata keçirilir. Məsələn, Türkiyə, hər hansı müsəlman ölkələrində, hətta Rusiyada yaşayan din xadimlərinə müraciət olunur.

Hətta bəzən bu, sadəcə “WhatsApp” üzərindən həyata keçirilir. Şəriət buna müəyyən şərtlərlə icazə verir. Tutaq ki, ad-soyad göndərilir, atanın razılığı, şəxsin öz razılığı kimi suallar soruşulur və ilahiyyatçı xaricdə oturaraq verilən məlumatlara əsasən kəbini oxuyur. Bu cür halların qarşısını inzibati yolla almaq faktiki olaraq qeyri-mümkündür.

Məscidlərdə isə nikah sənədi olmadan kəbin kəsməyə icazə verilmir. Əgər məscid axundu bunu edərsə, dövlət tərəfindən cəzalandırıla və dərhal vəzifəsindən uzaqlaşdırıla bilər”.

Fazil Əhməd öz aralarında kəbin kəsən şəxslərlə bağlı isə bildirib ki, belə halların geniş yayılması özbaşınalığın artmasına səbəb ola bilər:

“Əgər bir cütlük dini təhsilə malikdirsə və heç olmasa ibtidai səviyyədə ərəb dilində oxumağı bacarırsa, o dua mətnini əldə etməklə öz aralarında kəbin kəsə bilərlər.

Amma burada da müəyyən şərtlər var. Əvvəla, valideyn razılığı olmalıdır. Məsələn, qadın boşanıb və atasının himayəsindədirsə, mütləq valideynlərinin icazəsini almalıdır. Əgər qadın müstəqil yaşayırsa və heç kimdən asılı deyilsə, o zaman bu kəbini oxuya bilər.

Lakin bu yalnız o halda məqbul sayılır ki, onlar heç olmasa oxuduqlarının mənasını mahiyyətini anlasınlar. Şəriət buna icazə verir. Sadəcə olaraq, insanların çoxunun bundan xəbərdar olmaması daha yaxşıdır. Çünki bunun geniş yayılması halında özbaşınalıq baş verə bilər”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top