Bakıda 41 yaşlı kişi keçmiş arvadına xəsarət yetirdi

KRİMİNAL 22 may 2025, 13:46
Bakının Yasamal rayonunda 41 yaşlı kişi keçmiş arvadına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 10-da baş verib. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Telman həmin gün saat 23:40-da yaşadıqları binanın blokunda şəxsi münasibətlərin pozulması zəminində keçmiş arvadı Gülşənin (adlar şərtidir – red.) qollarından yapışıb və itələyərək onu yerə yıxıb. O, bu hərəkətləri ilə Gülşənə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Telmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Telman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Gülşən onu əsəbləşdirib, buna görə aralarında mübahisə başlayıb: “Gülşən uşağımı mənə göstərmir. Mən də buna görə əsəbləşmişəm. Hadisə günü onun evinə gedərək niyə uşağı mənə göstərmədiyini soruşdum. O, isə evi tərk etməyimi tələb etdi. Mən bu zaman qapını itələyərək içəri girdim. Qolundan dartmağımın tək səbəbi onu sakitləşdirmək və biabırçılığın qarşısını almaq idi. Əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Gülşən ifadəsində göstərib ki, Telmanla boşansa da, o uşağı bəhanə edərək onu təqib edir: “Hətta uşağı ona təhvil verəndə belə baxa bilməyəcəyini qeyd edir. Evimə zorla girib, məni və uşaqlarımı qorxudur. Hətta uşağın dili qatlanıb, psixoloji təsirə məruz qalıb. Telmanın həbs olunmağını istəmirəm. Lakin layiqli cəza verilməsini istəyirəm ki, məndən əl çəksin”.
Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Telman aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri  cəzası alıb. 

Hökmün icrası onun yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 may 2025, 16:59
Top