Telefonu üçün ölümdən dönən alpinistin ilginc HEKAYƏSİ...

MARAQLI 30 aprel 2025, 12:20
Yaponiyada təcrübəsiz alpinist Fuji dağında itkin düşdükdən sonra xilas edilib. 

Demokrat.az
xəbər verir ki, o, bir neçə gün sonra telefonunu götürmək üçün yenidən zirvəyə qalxmağa çalışıb və nəticədə ikinci dəfə yardım çağırmaq məcburiyyətində qalıb.

Ötən həftə Fuji dağının zirvəsinə qalxan tələbə bəzi alpinist avadanlıqlarını itirdikdən sonra dağda köməksiz vəziyyətdə qalıb. Görünür, tələbənin telefonu onun həyatından daha qiymətli olub, çünki telefonunu zirvədə unutduğu üçün bir neçə gün sonra geri dönərək onu götürməyə qərar verib. Nəticədə yenidən itkin düşüb və bir daha xilas edilməli olub.

3,7 kilometr yüksəklikdə sərt hava şəraiti altında köməksiz qalan tələbəni xilasetmə qrupları sağ-salamat aşağı endirdikdən bir neçə gün sonra ondan yeni bir yardım çağırışı alıblar. Bu dəfə onun yüksəkliyə sürətlə qalxdığı üçün "yüksəklik xəstəliyinə" tutulduğu və hərəkət edə bilmədiyi üçün kömək istədiyi bildirilib. Bu xəstəlik insan bədəninin dəyişən atmosfer təzyiqinə uyğunlaşa bilməməsi nəticəsində yaranır və nəfəs almaqda çətinliklə başlayaraq huşun itirilməsi və ürək tutmasına qədər gedə bilər.

Bundan əlavə, tələbənin Fuji dağının rəsmi qalxma mövsümündən kənar bir vaxtda dağa çıxdığı da məlum olub. Bu isə o deməkdir ki, peşəkar alpinistlər belə həmin vaxt dağa qalxmağa cəsarət etmirlər. 

Fuji dağı Yaponiyanın ən məşhur turistik məkanlarından biridir və hər yay yüz minlərlə alpinisti cəlb edir, lakin eyni zamanda təhlükələri səbəbindən ciddi yanaşma tələb edən bir marşrutdur.


Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top