Qubada fəaliyyət göstərən “Alma bağı” istirahət mərkəzində baş vermiş davanın təfərrüatları məlum olub

HADİSƏ 26 aprel 2025, 14:50
Demokrat.az Qubada fəaliyyət göstərən “Alma bağı” istirahət mərkəzində baş vermiş dava ilə bağlı əlavə məlumatlar əldə edib.

İddia edilirdi ki, istirahət mərkəzində Tarif Şurasının katibi Ceyhun Nəcəfovla qazi Kənan İsmayıllı arasında dava baş verib. Lakin hadisənin təfərrüatları nəticəsində məlum olub ki, Kənan İsmayıllı və yanındakı şəxslər istirahət etdikləri oteldə ictimai qaydalara əməl etməyib, qeyri-etik davranışları ilə mərkəzin digər qonaqlarını narahat ediblər. Bundan sonra otelin əməkdaşları Kənan İsmayıllıya xəbərdarlıq edib. Lakin, o və yanındakı şəxslər buna məhəl qoymayıb.

Buna görə də Kənan İsmayıllı və yanındakı şəxslər barəsində 102 xidmətinə şikayət edilib. Amma, həmin şəxslər buna da məhəl qoymayıb və qeyri-etik hərəkətlərinə davam ediblər.

Nəticədə gecə saatlarında istirahət mərkəzində Kənan İsmayıllı və otelin onun hərəkətlərindən narazı qonaqları arasında münaqişə baş verib. Kənan İsmayıllı həmin vaxt oteldə qonaq olan Ceyhun Nəcəfova qarşı xuliqanlıq edərək ona bədən xəsarətləri yetirib.

Ağır xəsarətlər alan Ceyhun Nəcəfovun əməliyyatı və müalicəsi Bakıda olub.

Hadisə ilə bağlı Ceyhun Nəcəfovun vəkili, hüquqlarının müdafiəçisi, Vəkillər Kollegiyasının üzvü Vüsal Mirzəyev bildirib ki, Ceyhun Nəcəfov cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb və istintaq davam edir:

“Baş vermiş bu hadisə barədə ictimaiyyətə həqiqətə uyğun olmayan məlumat verən və iddia edən Kənan İsmayıllı cinayət işində təqsirləndirilən şəxs qismində hüquq mühafizə orqanları tərəfindən istintaqa cəlb olunub.

Videogörüntülər, digər məlumat və sənədlər haqqında ictimaiyyətə yalnız istintaq bitdikdən sonra məlumat vermək olar. Düşünürəm ki, məhkəmə qapalı iclas keçirməyəcək, hamı üçün açıq olacaq. Lazım olan məlumatlarla məhkəmə istintaqı zamanı tanış olmaq mümkündür.

Qeyd edim ki, hadisə zamanı Ceyhun Nəcəfovun içkili olmadığı ilə bağlı ekspertiza rəyi var”.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top