Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal və regional münasibətlər sistemində yeni mərhələ — ŞƏRH

SİYASƏT 25 aprel 2025, 12:37
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 22-24-də Çinə dövlət səfəri, bu səfər çərçivəsində keçirilən yüksək səviyyəli rəsmi qarşılanma mərasimi, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü və aparılan danışıqların nəticəsində qəbul olunan qərarlar, imzalanan sənədlər nəinki ölkəmizdə, bütün dünyada diqqətlə izlənir və təhlil olunur. Xüsusilə, dövlət səfəri zamanı Pekində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” bütün detalları ilə incələnir və dəyərləndirilir.

Bu gün sözün əsl mənasında çevik və dinamik siyasi proseslərin hökm sürdüyü, beynəlxalq münasibətlərin sürətlə dəyişdiyi bir dövrdə belə görüşlərin və imzalanan sənədlərin əhəmiyyəti və siyasi çəkisi daha da artır. Belə qlobal və regional proseslər fonunda əldə edilən razılaşmalar, sülhə, sabitliyə, sosial-iqtisadi inkişafa və çoxşaxəli əməkdaşlığın genişlənməsinə xidmət edən mühüm hadisə kimi qiymətləndirilir. Eyni zamanda, bu səfər və imzalanan sənədlər təkcə Azərbaycan-Çin münasibətlərinin deyil, həm də regional və beynəlxalq münasibətlər sistemində mövqelərin yenidən müəyyənləşdirilməsi baxımından da önəm daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.

Onun fikrincə, bu barədə çoxsaylı arqumentlər və dəlillər gətirmək mümkündür. Lakin yalnız bir neçə məqama toxunmaqla belə bir dövlət səfərinin, əldə edilən razılaşmaların əhəmiyyəti, ölkəmizin beynəlxalq münasibətlər sistemində qazandığı uğurlar və qarşıdakı perspektivlər barədə aydın təsəvvür formalaşdırmaq olar.

“Hər şeydən əvvəl, səfərin ümumi ab-havası və qəbul olunmuş sənədlərin mahiyyəti bir mühüm fikri ön plana çıxardı: “Çin Azərbaycan üçün nə qədər əhəmiyyətli və vacib tərəfdaşdırsa, Azərbaycan da Çin üçün o qədər önəmli və dəyərli tərəfdaşdır”. Bu, səfər boyu keçirilən görüşlərdə və imzalanan sənədlərdə aydın şəkildə hiss olundu. Başqa sözlə, Azərbaycan Çinlə münasibətlərə necə ciddi yanaşırsa, Çin də Azərbaycanla əlaqələrə eyni səviyyədə diqqət və dəyər verir. Məhz bu yanaşmanın nəticəsidir ki, iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu, həm də Azərbaycanın multiregional, çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursuna sadiq qalmasının və bu siyasətin uğurla inkişaf etməsinin bariz göstəricisidir. Azərbaycan bu gün həm Qərb, həm Şərq, həm ABŞ, həm Avropa, həm də Asiya ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq münasibətləri qurmağa nail olub. Bu isə ölkəmizin beynəlxalq münasibətlər sistemində qazandığı böyük üstünlük və uğurun təsdiqidir”, - deyə siyasi şərhçi bildirib.

O qeyd edib ki, dünya düzəninin artıq bir mərkəzdən idarə olunması erasının başa çatdığı, beynəlxalq münasibətlərdə çoxqütblü sistemin formalaşdığı indiki dövrdə çevik, praqmatik və çoxşaxəli xarici siyasət yürüdə bilmək hər dövlətin bacardığı iş deyil. Azərbaycan isə məhz bu xüsusiyyətləri ilə fərqlənən və beynəlxalq siyasət arenasında özünəməxsus mövqeyə sahib olan bir fenomenə çevrilib.

“Görünən odur ki, Azərbaycan və Çin arasında iqtisadi əlaqələr də dinamik və yüksələn xətlə inkişaf edir. Tərəflər arasında iqtisadi münasibətlərin ildən-ilə ardıcıl və sistemli şəkildə genişlənməsi, əməkdaşlığın yeni və daha yüksək mərhələyə keçməsinə zəmin yaradır. Bu münasibətlər təkcə ölkələrin əsas və uzunmüddətli maraqlarına uyğun gəlmir, həm də ticarət, istehsal, infrastruktur, energetika, yüngül sənaye, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya və digər sahələrdə fəal əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Azərbaycanın dünyanın ikinci ən böyük iqtisadiyyatına, qlobal miqyasda böyük nüfuz və təsir imkanlarına malik Çinlə münasibətləri artan dinamika ilə inkişaf edir. Eyni zamanda, müasir texnologiyalara və güclü maliyyə resurslarına sahib olan Çinlə səmərəli investisiya əməkdaşlığı da həyata keçirilir. Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın xüsusi əhəmiyyət kəsb etməsidir. Ölkəmizə verilən yüksək dəyər təkcə coğrafi mövqeyimiz və tranzit potensialımızla deyil, həm də Azərbaycanın artan beynəlxalq nüfuzu və etibarlı tərəfdaş imici ilə bağlıdır. Xüsusilə, bu layihənin əsas hissəsi olan Orta Dəhlizin inkişafına böyük həcmdə investisiyalar yatırılıb və bu, regionun ən perspektivli layihələrindən birinə çevrilib.

Hazırda Azərbaycan yaratdığı müasir logistika infrastrukturu ilə həm “Bir kəmər, bir yol”, həm də Orta Dəhliz strategiyalarının icrasında önəmli logistika mərkəzi və körpü rolunu oynayır. Çinlə münasibətlərin inkişafı fonunda bir sıra siyasi və iqtisadi səbəblər, xüsusilə də Zəngəzur dəhlizinin açılması məsələsi ətrafında müsbət və nikbin mühit formalaşdırır. Bu istiqamətdə proseslər daha fəal şəkildə irəliləyir və Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat və logistika xəritəsində mühüm dəyişikliklərə səbəb olacaq”, - deyə Əhməd Abbasbəyli vurğulayıb.

Onun sözlərinə görə, ən mühüm məqamlardan biri odur ki, Azərbaycan-Çin münasibətlərinin bu cür yüksələn xətt üzrə inkişafı və Birgə Bəyanatda da vurğulandığı kimi, iki ölkə arasında qurulan strateji tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərlik, etimad və dəstək prinsiplərinə əsaslanır. Tərəflər xarici təsirlərdən asılı olmayaraq, bir-birini etibarlı tərəfdaş kimi qəbul edir və bu, dövlətlərarası, regional, hətta qlobal səviyyədə yeni perspektivlər və əməkdaşlıq imkanları yaradır.

Bu müstəvidə xüsusilə diqqətçəkən məqamlardan biri də odur ki, Çinin strateji yanaşmalarında Cənubi Qafqaz regionunda Azərbaycanın maraqlarını nəzərə alması və bu istiqamətdə siyasət yürütməsi ehtimalı daha real görünməyə başlayır. Belə bir yanaşma, digər dövlətlərarası münasibətlərin də korrektə olunmasına və yeni çoxşaxəli əməkdaşlıq mexanizmlərinin formalaşmasına şərait yarada bilər.

“Xüsusilə də, hazırkı geosiyasi reallıqlar fonunda “Azərbaycan-Pakistan-Çin” üçtərəfli əməkdaşlıq platformasının yaranması ehtimalı diqqət mərkəzinə gəlir. Bu isə, Ermənistan və Hindistan arasında formalaşmaqda olan siyasi və hərbi əməkdaşlıq kontekstində daha da aktuallaşır. Perspektivdə isə bu trionun “Azərbaycan-Çin-Pakistan-Türkiyə” formatına çevrilməsi və beləliklə də həm ərazi, həm əhali baxımından dünyanın böyük bir hissəsini əhatə edən güclü siyasi, iqtisadi və hərbi əməkdaşlıq platformasına çevrilməsi mümkündür.

Belə bir əməkdaşlıq Avrasiya məkanında yeni bir güc mərkəzi formalaşdırmaqla yanaşı, bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin təminatçısı rolunu da öz üzərinə götürə bilər. Üstəlik, nəzərə almaq lazımdır ki, Çin artıq Türk Dövlətləri Təşkilatının üzvləri olan Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla da sıx siyasi və iqtisadi əlaqələr qurub və bu regionda nüfuzlu və etibarlı tərəfdaşa çevrilib. Bütün bu amillər fonunda yaxın gələcəkdə bu münasibətlərin daha geniş coğrafiyanı əhatə edəcəyi və yeni geosiyasi düzənlərin yaranmasına səbəb olacağı ehtimalını öncədən görmək çətin deyil.

Digər tərəfdən, proseslərin bu ssenari üzrə inkişaf etməsi Azərbaycanın, eyni zamanda, Türkiyənin Avropa İttifaqı ilə münasibətlərinə də təsirsiz ötüşməyəcək. Belə ki, Qərbin bəzi siyasətçiləri və dövlət rəsmilərinin ikili standartlara əsaslanan, qeyri-obyektiv və riyakar mövqeləri fonunda Azərbaycan daha uğurlu siyasi diplomatiya nümayiş etdirərək yeni, daha etibarlı və perspektivli tərəfdaşlıqlar qurur. Bu isə, onsuz da müxtəlif istiqamətlərdə nüfuz və təsir imkanlarını zəiflədən Avropa İttifaqının rəhbər strukturlarını yenidən düşünməyə və mövqelərini nəzərdən keçirməyə vadar edə bilər.

Artıq Avropa siyasətini formalaşdıranlar gələcəkdə seçim qarşısında qalacaqlar: ya primitiv və köhnəlmiş “səlib yürüşü təəssübkeşliyi” yanaşmasını davam etdirməli, ya da obyektiv və ədalətli mövqe sərgiləyərək, həm iqtisadi, həm siyasi cəhətdən güclənən Azərbaycan kimi önəmli aktorla əməkdaşlığın vacibliyini qəbul etməlidirlər. Çünki bugünkü qlobal reallıq onu göstərir ki, çoxqütblü dünyada siyasi uğur çevik, balanslı və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıqdan keçir. Azərbaycan isə məhz bu siyasətin uğurlu modelini nümayiş etdirərək həm regionda, həm də beynəlxalq miqyasda öz nüfuzunu artırır”, - deyən siyasi şərhçi fikirlərini yekunlaşdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top