Rəfail Becanov: "Səviyyəsiz verilişlərə cəmiyyət də etiraz etməlidir, hər şeyi inzibati yolla etmək olmur"

GÜNDƏM 25 aprel 2025, 18:10
"Texnologiya nə qədər inkişaf edir-etsin efirin təsir imkanları hələ də qalmamqdadır. Teleməkan “çağırılmamış qonaqdır” ifadəsi elə-belə yaranmayıb. Bütün evlərdə televizor var, hələ də bu cihaz öz yerini tamamilə telefona, kompüterə güzəştə getməyib. Bu baxımdan efirlərdə verilişlərin sanbalı nəzər alınmalı, efir siyasəti elə qurulmalıdır ki, gənclərin tərbiyəsində rolu olsun, onlara vətənpərvərlik ruhu aşılansın, yaradıcılığa, müasir dövrün tələblərinə cavab verən elm və təhsil istiqamətində yönləndirilsinlər. Hər şeyi qara görmək niyyətində deyiləm. Təbii ki, bu istiqamətdə hazırlanan proqramlar, verilişlər var".

Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 

O bildirib ki,  mümkün qədər onların sayını və səviyyəsini artırmaq lazımdır:

"Çünki hələ də efirlərdə bayağı verilişlər, reytinq naminə düzənlənən şoular üstünlük təşkil edir. Bu verilişlər gənclərin şüuruna təsirsiz ötüşmür. Şüurlara təsir edən bu hallar isə tərbiyəyə, xasiyyətin formalaşmasına, bəzən də dəyişməsinə təsir edir. Biz gəncləri cinayətdən, xəyanətdən qorumalıyıq, onlara bu əməllərin mənfi təsirlərini izah etməliyik. Xəyanəti, ictimai təhlükəli əməli tirajlamaq cəlbedicilik yaradır. Düşünürəm ki, efir məkanı təhlil olunmalıdır, mənfisi, müsbəti açıq şəkildə cəmiyyətə çatıdırılmalıdır. Mənfi təsir yükü olan verilişlər, onların aparıcıları adbaad deyilməlidir ki, cəmiyyətimiz o verilişlərdən uzaq dursun, o aparıcıların verilişlərini izləməsin".

Onun sözlərinə görə, efir məkanında şou da, əyləncəli verilişlər də olmalıdır:

"Monoton proqramlarla izləyici toplamaq, reytinq saxlamaq mümkünsüzdür. Bu baxımdan müxtəlif sənət adamlarına, şairlərə, yaradıcı insanlara, ictimai xadimlərə həsr olunan verilişlərin olması yaxşı nümunədir. Onların yaradıcılığından doğrudan da, nəsə öyrənmək, əxz etmək mümkündürsə, bunu alqışlamaq olar. Lakin burada da bir çox aspektlər nəzərə alınsa daha yaxşı olar. 
Məlum verilişlə bağlı Audiovizual Şuranın aidiyyatı struktur bölmələri tərəfindən araşdırma aparılıb və araşdırmanın nəticələrinə uyğun olaraq qanunvercilik çərçivəsində kanala rəsmi xəbərdarlıq edilib. Hətta, o da bildirilib ki, belə bir hal təkrarlanarsa, inzibati cəza tədbiri - sanksiya tətbiq edilə bilər. Bu, göstərir ki, müvafiq qurum öz səlahiyyətləri çərçivəsində işini görüb və görür.
Lakin cəmiyyətin də bir etiraz olmalıdır. Hər şeyi inzibati yolla etmək olmur. Hər kəs məsuliyyətini dərk etməlidir. Aparıcıya nə var ki?! İstənilən aparıcı reytinq axtarır, məsuliyyət isə televiziyanın, o verilişləri ictimailəşdirən, tamaşaçıya çatdıran subyektin, ağrı-acısı isə cəmiyyətin üzərində qalır.  Ona görə də verilişlər hazırlanarkən onun əks təsirini öyrənmək, təhlil etmək gərəkdir ki, bu veriliş onu izləyən gənclərdə hansı hisslər, düşüncələr formalaşdıra bilər".

Qeyd edək ki, bir neçə gün öncə Tarix Əliyev verilişlərindən biri həbsxanada olan meyxanaçı Rəşad Dağlıya həsr edib. Onun hərəkəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top