"Şuşa: İslam dünyasının mədəniyyət paytaxtı-2024" ilinin bağlanış mərasimi oldu — FOTOLAR

MƏDƏNİYYƏT 17 aprel 2025, 16:56
Aprelin 17-də "Şuşa: İslam dünyasının mədəniyyət paytaxtı - 2024" ilinin təntənəli bağlanış mərasimi keçirilib.

Demokrat.az
xəbər verir ki, mərasimdə rəsmilər, ICESCO-nun nümayəndələri, quruma üzv bir sıra respublikalardan mədəniyyət mütəxəssisləri doğma yurda qayıtmış Şuşa sakinləri iştirak ediblər. 

Əvvəlcə ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin tədbir iştirakçılarına videomüraciəti nümayiş etdirilib. 

Müraciətdə baş direktor Şuşanın təkcə Azərbaycanın deyil, bütün İslam aləminin mədəni zənginliyinin bir parçası olduğunu bildirib. 

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov tədbir iştirakçılarını salamlayıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyində işğaldan azad edilmiş bütün ərazilər kimi, Şuşada geniş bərpa və quruculuq işlərinin aparıldığını bildirib. Qeyd olunub ki, Şuşa azadlığına qovuşduqdan qısa müddət sonra şəhərdəki bir neçə məscid və mədəniyyət ocağı yüksək səviyyədə təmir- bərpa edilib. "Böyük Qayıdış" proqramı çərçivəsində bir qrup şuşalının doğma yurdda məskunlaşması təmin olunub.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında qeyd edib ki, Şuşa hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur. Şuşa möhkəmliyin və mədəniyyətimizin dirçəlişinin rəmzidir. Bu şəhər ədəbiyyatımızı, musiqimizi və milli kimliyimizi formalaşdırmış, eləcə də erkən dövlətçilik ənənələrimizin və mədəni diplomatiyamızın mərkəzi olub.

"Ötən ilin may ayında "Şuşa: İslam dünyasının mədəniyyət paytaxtı - 2024" ilinin açılış mərasimində möhtərəm Prezident İlham Əliyev Şuşanın tarixi və mənəvi əhəmiyyətini xüsusi vurğuladı. Dövlətimizin  başçısı çıxışında Şuşanın yalnız Azərbaycan mədəniyyətinin beşiyi deyil, həm də dirçəliş və davamlılığın simvolu olduğunu bir daha təsdiqlədi.

Əlamətdar il ərzində Şuşa İslam dünyası xalqlarının dialoq, yaradıcılıq və əməkdaşlıq məkanına çevrildi. Şəhərdə keçirilən konsertlər, sərgilər, konfrans və forumlar onu birləşdirici mədəniyyət paytaxtı kimi daha da yüksəltdi", - deyə nazir müavini bildirib.

Çıxışlardan sonra geniş konsert proqramı təqdim olunub. Azərbaycan Dövlət Rəqs Ansamblı üzvlərinin ifa etdiyi milli rəqslərimiz, müğənni və solo ifaçıların səsləndirdiyi xalq və bəstəkar mahnıları, eləcə də qazax, qırğız, özbək, tacik və ərəb xalqlarının nəğmələri və aşıq havası tədbirin qonaqlarının və qala-şəhərimizin sakinlərinin könlünü oxşayıb. Konsert proqramı alqışlarla qarşılanıb.

Qeyd edək ki, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi.

Xatırladaq ki, bundan əvvəl "İslam dünyasının mədəniyyət paytaxtı" missiyasını ölkəmizdən  2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərləri yerinə yetirmişdi.

Qala-şəhərimiz 2023-cü ildə isə "Türk dünyasının mədəniyyət paytaxtı" olmuşdu.

Özünün yeni növrağını yaşayan mədəniyyət paytaxtımız bundan sonra da neçə-neçə mötəbər tədbirə və mədəniyyət layihələrinə ev sahibliyi edəcək.






















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top