ABŞ: 1989-cu ildə yadplanetlilər sovet əsgərlərini daş heykələ çeviriblər

DÜNYA 14 aprel 2025, 19:30
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən yayımlanan deklasifikasiya olunmuş sənəddə 35 il əvvəl baş verdiyi iddia olunan fövqəladə hadisə dünya ictimaiyyətində geniş rezonans doğurub.

Ordu.az xəbər verir ki, sənəddə 1989-cu ildə Sovet hərbi bazasının üzərindən uçan uçan naməlum obyektin (UNO) vurulmasından sonra yadplanetlilərin cavab zərbəsi endirdiyi iddia olunur. İddialara görə, onlar sovet əsgərlərini daş heykəllərə çeviriblər.

Hadisə ilk dəfə 1993-cü ildə ictimailəşib. “Fox News” kanalının təqdim etdiyi sənəddə göstərilir ki, UNO “yer-hava” tipli raketlə vurulub və bazaya yaxın ərazidə yerə çırpılıb. Ardınca beş yadplanetli varlıq (qısa boylu, iri başlı və qara gözlü) uçuş aparatından çıxaraq bir-birilə birləşib və parlaq işıq saçan sferik obyektə çevriliblər.

Aydın havada qəfildən parlayan bu obyekt, ərazidəki 23 sovet əsgərini daş abidələrə çevirib. Sənəddə qeyd olunur ki, yalnız iki əsgər sağ qalmağı bacarıb. Onlar kölgədə olduqları üçün işığın tam təsirinə məruz qalmayıblar.

Sənədə əsasən, “daşlaşmış” əsgərlərin cəsədləri və qəzaya uğramış UNO Moskva yaxınlığındakı gizli tədqiqat bazasına aparılıb. Hadisəni araşdıran amerikalı mütəxəssislər bildiriblər ki, əsgərlərin ölümünə səbəb olmuş enerji növü hələlik insanlıq üçün naməlumdur.

“Əgər bu sənəddəki məlumatlar doğrudursa, bu, potensial olaraq planetar təhlükə daşıyan bir hadisədir”, - deyə sənəddə MKİ nümayəndəsinin adı açıqlanmayan fikri sitat gətirilib.

Məlumata görə, bu insident barədə məlumatlar MKİ-nin SSRİ-dəki gizli mənbələri vasitəsilə əldə olunub və bir neçə il sonra ictimaiyyətə sızıb. Həmin vaxtdan bəri bu hadisə dəfələrlə araşdırmalara və müzakirələrə səbəb olub, lakin heç bir rəsmi təsdiq verilməyib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top