Politoloq: "Türkiyənin son illər ərzində artan maraqları ABŞ-nin diqqət mərkəzindədir"

GÜNDƏM 11 aprel 2025, 14:43
Türkiyə və ABŞ prezidentlərinin görüşünün tarixi və yeri müzakirə olunur. Bunu Türkiyə XİN rəhbəri Hakan Fidan “CNN Türk”ə müsahibəsində deyib. O, bu görüşün ən qısa zamanda baş tuta biləcəyini də qeyd edib.

Görüş zamanı hansı məsələlər müzakirə oluna bilər?

Məsələ ilə bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlama verib.

O qeyd edib ki, Türkiyə böyük coğrafiyada sülh və təhlükəsizliyə dəstək verir:

“Türkiyə NATO-dakı ikinci böyük ordusuyla həm də NATO-nun maraqlarını qoruyur. Türkiyənin son illər ərzində Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiyada artan maraqları da ABŞ-nın diqqət mərkəzindədir. Donald Tramp yenidən prezident seçildikdən sonra həm də Rəcəb Tayyib Ərdoğanla görüş keçirtmək niyyətindədir. Bu, Türkiyənin də maraqları çərçivəsindədir və hesab edirəm ki, burada görüş əsnasında siyasi, iqtisadi, humanitar, enerji və geosiyasi məsələlər müzakirə olunacaqdır. Türkiyənin Suriyada qazandığı uğurlar həm də bölgə siyasətinə müsbət təsir göstərir. Bunu şübhəsiz ki, ABŞ-nın strategləri də diqqətlə nəzərə alırlar”.

Politoloqun sözlərinə görə, Türkiyə həm də Suriyanın ərazi bütövlüyü və suverenliyi naminə çalışır:

“Əlbəttə, burada Türkiyə terrorçuluğa qarşı da mübarizə aparır. Geopolitik anlamda bölgədə öz milli maraqlarının və güvənliyinin axtarışındadır.  Və eyni zamanda Yaxın Şərqdə gedən ziddiyyətlər və davam edən müharibələr fonunda Ankaranın mövqeyini öyrənmək də önəmlidir. Nəzərə almaq lazımdır ki, ABŞ ilə İran arasında münasibətlər də son dövrlər kifayət qədər soyuqlaşıb”.

Leyla Turan
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top