Masazırda ər arvadını döydü — TƏFƏRRÜAT

HADİSƏ 27 mart 2025, 13:48
Abşeron rayonunda 1992-ci il təvəllüdlü Səid şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nərminə (adlar şərtdir – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 13 iyul 2024-cü ildə baş verib. 

Səid həmin gün saat 13:30-da ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətində arvadı Nərmin ilə aralarında sonuncunun ona siqaret almaq üçün pul verməməsi, habelə paltarları yumadan işə getmək istəməsi səbəblərindən ailə daxili münaqişə zəminində yaranmış narazılıq üstündə mübahisə edib. 

Həmin mübahisə əsnasında Səid Nərminin üzərinə hücum edib və qəsdən sonuncunun burun, baş və boyun nahiyələrinə yumruqla ardıcıl zərbələr vurub. 

Nərminə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Səidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, 2012-ci ildən Nərmin ilə rəsmi nigahdadır: 

“Bu nigahdan 2013-ci il təvəllüdlü və 2015-ci il təvəllüdlü 2 oğlan övladımız var. Hadisə günü saat 13:30-da Nərminlə yaşadığım evdə olarkən aramızda mübahisə yarandı. Mübahisəyə səbəb Nərminin evdə olan paltarları yumadan işə getməyə hazırlaşması olub.

Mən Nərminin işə getməyə hazırlaşdığını görərək ona paltarları yuduqdan sonra işə getməsini bildirdim. Nərmin işə getməli olduğunu bildirdikdə isə ona  paltarları paltaryuyan maşına atdıqdan sonra getməsini dedim. Nərmin buna etiraz etdi. 

Mən əsəbləşərək paltarları yığaraq çölə tulladım. Mən yaşadığımız evin həyətində olarkən Nərmin yanıma gəldi. Mən hirsimi soyutmaq üçün sağ əlim ilə Nərminin burun nahiyyəsindən şillə ilə vuraraq onu döydüm. Nərminin burnundan qan gəldiyini gördüm və evdən çıxaraq kafeyə çay içməyə getdim. Baş vermiş mübahisə 5-10 dəqiqə davam etdi. Həmin vaxt yanımızda kənar şəxs olmayıb”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nərminin sözlərinə görə, əvvəllər əri Səidlə münasibətləri normal olsa da, son vaxtlar Səidin  işləməməsi səbəbindən münasibətləri korlanıb: 

“Hadisə günü, saat 13:30-da Səidlə aramızda yaşadığımız evin həyətində mübahisə yarandış Mübahisəyə səbəb Səidin məndən siqaret pulu istəməsi və mənim isə həmin vaxt ona pul verməməyim olub. Biz bir qədər söz mübahisəsi etdikdən sonra Səid yaşadığımız evin həyətində yumruqla burun, baş və boyun nahiyələrimə zərbələr vurdu. Burnumdan qan gəldiyini görən Səid evdən çıxaraq çayxanaya getdi. Mən evə daxil olaraq əl-üzümü yuduqdan sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat verdim”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Səidin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top