Politoloq: “Azərbaycan artıq başını qaldırıb dünyadakı haqsızlıqlara baxa bilir”

SİYASƏT 17 mart 2025, 17:15
"Prezidentin Ukrayna məsələsinə toxunması, daha onu deməyə əsas verir ki, hər nə qədər dünya nizamı dağılsa da, beynəlxalq hüquqa hörmət edən ölkələrin sayı hər azalsa da, Azərbaycan tərəfi beynəlxalq nizama hər zaman hörmət edir.

Xüsusən də Ukrayna məsələsində Azərbaycan Prezidentinin bu ölkənin ərazi bütövlüyünü dəstəkləməsi ondan xəbər verir ki, biz özümüz də bir zamanlar işğaldan əziyyət çəkən bir tərəf kimi bu gün özü işğala məruz qalan tərəflərin çəkdiyi ağrıları, acıları başa düşürük".


Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib.

"Azərbaycanın başı bir zamanlar qondarma Dağlıq Qarabağ probleminə başı o qədər qarışmışdı ki, biz başımızı qaldırıb dünyaya baxa bilmirdik. Artıq deməyə əsas var ki, Azərbaycan Qarabağ problemini tamamilə həll edəndən sonra başını qaldırıb dünyaya baxır,

Yaxın Şərqdə özünə müttəfiqlər seçir, Ukrayna münaqişəsində fikir bildirir, haqlı olan tərəfin haqlı mövqeyini dəstəklədiyini bildirir. Beləcə, Azərbaycan tərəfi artıq dünya siyasətində öz sözünü deyən ölkələrin sırasına qoşulur. Bu, sevindirici haldır. Bunun davamlı olması üçün çalışmaq lazımdır.

Düşünürəm ki, artıq beynəlxalq nizamın sürətli bir şəkildə çökməsi onu deməyə əsas verir ki, dünyanın bir zamanlar hegemon gücləri sayılan dövlətlər bir-birlərini zəiflətmək yarışına çıxacaqlar. Bu haldan Afrika və Cənubi Amerika  dövlətləri üçün fürsətlər doğacaqdır ki, imperializmdən əziyyət çəkən xalqlar bir az cəsarətli və ağıllı davranışlarla öz suveren hüquqlarını tam olaraq əllərinə alsınlar.

Eyni zamanda, bizə həm Azərbaycan olaraq, həm də bir türk dünyası olaraq yeni fürsət qapısı açacaq ki, biz artıq tarixən üzləşdiyimiz haqsızlıqların aradan qaldırılması, öz suveren haqlarımızın tamam bərpa edilməsi istiqamətində də ciddi addımlar ataq və ciddi uğurlar qazanaq".

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top