
1910-cu ildə Kopenhagendə keçirilən Beynəlxalq Sosialist Qadınlar Konfransında alman inqilabçı və feminist Klara Setkin 8 Martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasını təklif etdi. Bu təşəbbüs qadınların sosial, iqtisadi və siyasi hüquqlar uğrunda mübarizəsini gücləndirdi və qısa müddət sonra bir çox ölkədə rəsmi olaraq tanındı.
Klara Setkin Azərbaycan ictimaiyyətinə də yad deyil. Modern.az-ın məlumatına görə, Klara Setkin 1924-cü ildə Azərbaycana səfər edib.
Bu səfərin əsas məqsədi Sovet hakimiyyəti dövründə qadınların azadlığı və sosial hüquqları ilə bağlı aparılan siyasəti yaxından öyrənmək, Şərq qadınının vəziyyətini araşdırmaq olub. Klara Setkin Bakıda keçirilən bir sıra tədbirlərdə iştirak edib, yerli fəal qadınlarla görüşlər keçirib.
Foto: Klara Setkin Əli Bayramov adına klubda qadınlarla bir arada
Belə görüşlərin biri Əli Bayramov adına klubda baş tutub. O, klubu "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırmışdı.
"Qafqaz od içində" kitabında o, yazırdı: "Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınların klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür. Müsəlman qadınlarında, yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti və insan hüquqlarını əldə etmək səyi oyanır. Müsəlman qadınların klubu bu cəhətdən, böyük vəzirin qızının dəbli Avropa kostyumuna və ya bir neçə dövlətli müsəlman qızın Parisdə, Londonda və ya Berlində təhsil almalarına baxmayaraq, güclü və inandırıcı sübut kimi çıxış edir."
Qeyd edək ki, həmin vaxt sözügedən klub o zaman Fars küçəsində yerləşən Səadət sarayında baş tutub.
Görüş qadınlarda böyük təəssürat yaratmışdı. Hətta qadınlar Klaranı Bakını tərk etməməsi üçün dilə tutur, həmişəlik Bakıya yerləşməsinə razı salmaq istəyirdilər. O razılaşmır, lakin Hitler hakimiyyətə gəldiyində Almaniyadan qaçmaq məcburiyyətində qalır və SSRİ-yə yerləşir, elə burada da vəfat edir.