“Ərimin mənə və qızıma qarşı nifrətini, əsəbini başa düşə bilməmişəm” — MƏHKƏMƏ

KRİMİNAL 04 mart 2025, 16:29
Bakının Binəqədi rayonunda 1976-cı il təvəllüdlü Fəqan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Südabəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 18 oktyabr 2023-cü ildə, gecə saat 02:00-da baş verib. Fəqan yaşadığı evdə onunla birgə yaşayan arvadı Südabə ilə aralarında uzun müddətdir davam edən soyuq münasibət və narazılığın tərəfindən yenidən gərginləşdirilməsi nəticəsində aralarında mübahisə baş verib. 

Fəqan məişət və birgəyaşayış münasibətləri ilə bağlı baş vermiş mübahisə zamanı arvadının onun icazəsi olmadan öz qardaşı qızının toy mərasiminə getməsini bəhanə edib, onun baş, boyun və sifət nahiyələrinə əl zərbələri, masanın üzərində olan dolu vəziyyətdəki 2 litrlik “Coca Cola” plastik butulkası ilə qəsdən bir neçə dəfə vurub. 

Hadisəni törədən Fəqanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə çoxdan olub: “Südabə rayona getməmişdən qabaq mənə deyiləsi olmayan söz dediyindən belə bir hadisə baş verdi. Sonra isə rayona getdi. Gedəndən sonra xəbər tutdum. Sonra uşaq yığıb rayona getdiklərini bildirdi. Südabəgil rayondan gələndən sonra dediyi söz nə olduğunu soruşdum. Mənə kobud cavab verməyə başladı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan başqa Südabəyə bir də ondan icazəsiz niyə getdiyini bildirib. O,  həmçinin bildirib ki, Südabə ona söyüş söyüb: “Mən də otağa keçərək dediyi sözün nə olduğunu soruşdum, qışqırmağa başladım. Onu vurduqda əlim burnuna dəydi, onun burnu qanadı. Aramızda əvvəllər mübahisə olub. Mübahisənin başlanğıcı Südabənin taksi şoferinə yoldaşını hara aparmasını soruşması ilə başlayıb: “Südabəni sol əlim ilə vurmuşam. Südabəni bir dəfə vurmuşam, sonra evimizə təcili tibbi yardım gəldi. Təcili tibbi yardımı biz özümüz çağırmışıq, tibb işçiləri Südabəni apardılar”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Südabənin sözlərinə görə, artıq 4-cü ildir əri Fəqan ilə bu vəziyyətdədirlər: “Mən əməliyyat olduqdan sonra aramızda narazılıq yarandı. Fəqanın çevrəsi dəyişdikdən sonra evə gec gəlməyə başladı. Fəqan 13 il idi içmirdi və sonradan içməyə başladı. O, bəzi gecələr evə gəlmirdi, gələndə də mənimlə dava edirdi. Fəqan evə gələndə özümüzü yatmış göstərirdik. Ərimin mənə və qızıma qarşı nifrətini, əsəbini tam başa düşə bilməmişəm. Biz yaxşı ailə olmuşuq. Lakin son 4 ili bu vəziyyətə düşmüşük”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü Fəqan  toydan gecə içkili gəlib, onu çağırdıqda o da durmayıb: “Durub getsəm idi məni və ailəmi təhqir edəcəkdi. Fəqan məni  söyəndə qızım səsləri yazıb. Belə olduqda oğlum gedərək qaynımı çağırdı, qaynım da hər səfərində bizi xilas edirdi. Mən evdə Quran oxuduğum yerdə Fəqan məni söyüb,  oxumamağımı dedi. Fəqan əlində “Coca Cola” plastik butulkası ilə otağa daxil oldu, yaxınlaşaraq dayanmadan dəfələrlə başıma vurdu. Bundan sonra Fəqan çölə çıxdı və 2-3 dəqiqə sonra geri qayıdaraq yumruqla sifət nahiyəmdən vurdu. Bu vaxt oğlu yatmışdı, qızım isə oyaq olub. Qızım mobil telefonla təcili tibbi yardıma zəng etdi və bir neçə dəqiqə sonra təcil tibbi yardım gəldi. Lakin Fəqan təcili tibbi yardım əməkdaşlarını evə buraxmaq istəmədi. Mən qızım ilə birlikdə gizlicə çölə çıxıb təcili tibbi yardım avtomobilinin qapının qarşısında olduğunu gördüm. Mən  və qızım həmin avtomobilə əyləşdilər. Həkimlər müayinə etdikdən sonra məni xəstəxanaya apardılar. 

Zərərçəkmiş şəxsin ifadəsinə görə, hadisə gecə saat 2 radələrində olub: “Fəqan məni 15 dəqiqə söyməyə başladı və qardaşımın onu niyə toya çağırmadığını, orada özlərini kişilərə göstərdiklərini dedi”.

Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fəqan 2 il müddətə islah işləri cəzasına məhkum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top