Paytaxt Bakıdan köçürülür? — AÇIQLAMA

GÜNDƏM 26 fevral 2025, 18:11
Paytaxtın köçürülməsi ilə bağlı müzakirələr sürətlənir. İddialara  görə Azərbaycanın yeni paytaxtı yenidən  tikilən Ağdam rayonu olacaq. 

Bəs bu gerçəkləşərsə, hansı avantajları ola bilər?

Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında bildirib ki, paytaxt dəyişikliyi ciddi siyasi qərar tələb edir:

“Paytaxtın dəyişdirilməsi yalnız siyasi gündəmin deyil, ümumiyyətlə, ölkənin strateji prioritetlərinin dəyişməsi ilə mümkündür. 

Sözsüz ki, paytaxtın yeri ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Lakin paytaxtın dəyişdirilməsinə keçməzdən əvvəl görülməsi vacib olan bir çox məsələ var.

Hazırda Azərbaycanın siyasi gündəmində ən önəmli məsələlərdən biri milli təhlükəsizlikdir. Ölkəmiz son müharibədən sonra regionda yeni reallıqlarla üzləşib. Qarabağa qayıdış, Zəngəzur dəhlizi kimi strateji mövzular prioritet məsələlərdir. Bu problemlər həll edilmədən paytaxtın dəyişdirilməsi real görünmür. 

Bununla belə, müzakirə edilə biləcək alternativ yanaşmalar var. Məsələn, Bakı paytaxt statusunda qalmaqla yanaşı, ölkənin digər bölgələrində də dövlət idarəçiliyi gücləndirilə bilər”.

Ə.Əlibəyli qeyd edib ki, mobil paytaxt konsepsiyası daha praktik bir həll yolu ola bilər:

“Bu, dövlət idarələrinin müxtəlif strateji məkanlarda yerləşdirilməsini nəzərdə tutur. Mümkün alternativlərdən biri ölkənin coğrafi mərkəzinə yaxın bir şəhərdə – məsələn, Ağdamda və ya başqa bir bölgədə dövlət idarəçiliyinin bir qismini formalaşdırmaqdır. Lakin paytaxtın tam şəkildə köçürülməsi üçün iqtisadi əlaqələrin və infrastrukturların yeni paytaxta yönləndirilməsi lazımdır ki, bu da kifayət qədər çətin və uzunmüddətli prosesdir.

Məlumdur ki, Azərbaycanın iqtisadi fəaliyyətinin böyük hissəsi Bakıdadır. Bu səbəbdən, paytaxtın dəyişdirilməsi məsələsi geniş müzakirə və planlaşdırma tələb edir. Ölkənin iqtisadi strukturunu köklü şəkildə dəyişdirmədən paytaxtın köçürülməsi real deyil”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top