İşğaldan azad edilən kəndlərinə gedən ailənin faciəsi: iki əmioğlu ÖLDÜ

HADİSƏ 13 fevral 2025, 14:46
İşğaldan azad edilmiş kəndlərini görməyə gedən zaman qəzaya düşən ailənin 2 üzvü dünyasını dəyişib, 4 nəfər isə xəsarət alıb.

Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, qəzaya səbəb olan sürücü barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Qəza hadisəsi İmişli-Biləsuvar avtomobil yolunda baş verib. “Toyota Prado” markalı avtomobilin aşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Hadisə nəticəsində Ramil Vəliyev və Adil Sadıqov dünyasını dəyişib. Sərnişinlər Fatma Şərifova, Ramil Abdullah, Vüsal Muhəmməd müxtəlif dərəcəli xəsarətlər alıblar. Qəza zamanı sürücü 1976-ci il təvəllüdlü Sənan Vəliyev də xəsarət alıb.

Sürücü Sənan Vəliyev məsuliyyətə cəlb edilib. Onun barəsindəki cinayət işi üzrə məhkəmə araşdırması Lənkəran Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Sənan Vəliyev dindirilən zaman deyib ki, ailə üzvləri ilə birlikdə Cəbrayıl şəhərinə ziyarətə gedirmişlər.

Onun sözlərinə görə yola səhər çıxmaq istəsə də mərhum əmisi oğlu Ramil Vəliyev gecə yola çıxmaqda israr edib. Onlar gecə saatlarında yol çıxıblar. Qəza da səhər saatlarına yaxın baş verib.

S.Vəliyev qəza anını danışarkən deyib ki, saatda 90 km/saat sürətlə hərəkətdə olub. Onun sözlərinə görə anidən maşında nasazlıq yaranıb: “Əyləci sıxdım, maşın sola tərəfə sürüşdü. Qəzanın qarşısını almağa çalışdım, amma alınmadı. Əvvəl maşında heç bir nasazlıq yox idi:

“Maşında bacım, iki əmim oğlu, öz oğlum və qardaşımın oğlu var idi. Yolda maşında qəfldən nasazlıq oldu. Taqqıltı səsi gəldi. Maşın dərəyə aşanda 3-4 dəfə fırlanıb. Başımdan qan gəlib ağzıma dolduğunu hiss edib maşından çıxdım. Ətrafda olan adamların köməyi ilə maşını qaldırdıq. Bacım iki oturacağın arasına düşmüşdü. Uşaqlardan Muhəmməd yerdə idi. Abdullaya isə heçnə olmamışdı. Əmim oğlu Adil yan tərəfi üstə uzanmışdı. Ramilə ürək masajı etdim, gözündən damcı yaş düşdüyünü gördükdə vəfat etdiyini anladım”.

S.Vəliyevin ifadəsindən məlum olub ki, rəhmətə gedən şəxslər hadisə vaxtı maşının arxa oturacağında sağda və ortada əyləşiblər, amma qoruyucu kəmər taxmayıblar. Yalnız sürücü və bacısı kəmər taxıb.

Məhkəmə araşdırması zamanı qəzada zərərçəkmiş şəxslər də ifadə veriblər. Onlar Sənan Vəliyevdən şikayətçi olmadıqlarını deyiblər. Mərhumun hüquqi varisləri də Sənan Vəliyevdən şikayətçi olmayıb.

Məhkəmə S.Vəliyevi Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib. O, 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib. S.Vəliyevin 5 il müddətə azadlıqdan məhrum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri qüvvədə saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top