Hava soyuyanda niyə oynaqlarımız ağrıyır?

MARAQLI 08 fevral 2025, 09:14
Bir çox insanlarda havanın kəskin dəyişilməsi (yağış, soyuq, külək) zamanı əhval-ruhiyyənin pozulması, müxtəlif ağrılar və s. olur. Buna meteohəssaslıq deyilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyada yaşayan qadınların yarısı və kişilərin 1/3 hissəsi meteohəssasdır.

Revmatizm, artroz, artrit, osteoxondroz kimi xəstəliklərdən əziyyət çəkənlər, keçmişdə sümük və ya oynaq travmaları alan insanlar havanın dəyişilməsinə xüsusilə həssas olur. Bunun səbəblərini izah edək.

Bu xəstəliklər zamanı oynaq və sümüklərdən əlavə burada yerləşən sinir ucları zədələnir. Atmosfer təzyiqi dəyişildikdə oynaqların boşluqlarında olan təzyiq də dəyişilir. Bunun nəticəsində xəstə sinir ucları gıcıqlanır, ödemləşir və bu da oynaq və sümüklərdə ağılara və digər xoşagəlməz hisslərə səbəb olur. Atmosfer təzyiqi normaya düşdükdə ağrılar da azalır və ya yox olur.

Araşdırmalara görə, bu ağrıların başlıca səbəblərindən biri barometrik təzyiqdir. Barometrik təzyiq, hündürlük və hava şəraitinə görə dəyişir:Aşağı təzyiq, adətən yağışlı və buludlu havaya, yüksək təzyiq isə aydın və sakit günlərə işarə edir.

Oynaqlar hərəkəti asanlaşdıran xüsusi maye ilə örtülmüş mürəkkəb quruluşlardır. Lakin osteoartrit kimi xəstəliklər mövcud olduqda, ətraf mühitdəki ən kiçik dəyişikliklər belə ağrıları artıra bilər. Bir çox alim, atmosfer təzyiqinin azalmasının oynaqlardakı iltihablı toxumaların genişlənməsinə və bununla da ağrıların güclənməsinə səbəb olduğunu düşünür. Bu nəzəriyyə dəstəklənir, amma nəticələr tamamilə dəqiq deyil. Yeni bir araşdırma göstərir ki, təzyiqin azalması ilə oynaq ağrıları arasında ortalama bir əlaqə mövcuddur, amma fərdi reaksiyalar arasında əhəmiyyətli fərqliliklər müşahidə olunub. Bundan başqa, barometrik təzyiq tək başına təsir etmir, temperatur və rütubət də oynaq ağrılarına təsir edir. Lakin hansı amilin - temperaturun, rütubətin və ya təzyiqin ağrılara daha çox təsir etdiyini müəyyən etmək olduqca çətindir. Alimlər hava ilə oynaq ağrıları arasındakı əlaqənin hələ də tam şəkildə sübut olunmasa da, toplanan məlumatların qədim inancların müəyyən qədər həqiqətə dayandığını göstərdiyini vurğulayır. 

Əgər havanın dəyişilməsi zamanı siz oynaq və sümüklərdə ağrılar hiss edirsinizsə, mütləq revmatoloqa müraciət edin. Hətta bu ağrılar sizi yalnız havanın dəyişilməsi zamanı narahat edirsə, digər vaxtlarda isə siz özünüzü tam sağlam hiss edirsinizsə, müayinədən keçin. Artrit və artroz kimi ağır oynaq xəstəliklərinin ilk mərhələlərində xəstədə havaya olan reaksiya ilk və yeqanə simptom olur. Xəstəlik inkişaf etdikcə ağrılar hətta yaxşı havada meydana çıxmağa başlayır, getdikcə artır, güclənir. (Milli.Az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 fevral 2025, 19:16
Top