YapiKredi Müraciət Forması
Sosial

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

İnformasiya cəmiyyətinin sürətlə formalaşdığı XXI əsr media sisteminin bütün komponentləri qarşısında yeni vəzifələr müəyyənləşdirib. Rəqəmsal texnologiyaların inkişafı, internetin qlobal kommunikasiya mühitinə çevrilməsi, sosial media platformalarının geniş auditoriya qazanması, mobil rabitə vasitələrinin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi və süni intellekt texnologiyalarının tətbiqi informasiya istehsalının mahiyyətini əsaslı şəkildə dəyişib. Artıq informasiya təkcə peşəkar media qurumlarının hazırladığı məhsul deyil, eyni zamanda, milyardlarla istifadəçinin iştirak etdiyi fasiləsiz kommunikasiya prosesidir. Bu yeni reallıq ənənəvi medianın bütün istiqamətlərinə, xüsusilə də uzun illər cəmiyyətin əsas informasiya mənbəyi hesab olunan televiziyaya ciddi təsir göstərib. Lakin rəqəmsal transformasiya televiziya üçün yalnız yeni problemlər yaratmayıb. Əksinə, müasir texnologiyalar bu media növünün inkişafı, fəaliyyət dairəsinin genişlənməsi və auditoriya ilə münasibətlərinin yeni əsaslar üzərində qurulması üçün əlavə imkanlar formalaşdırıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında əməkdar jurnalist Rəşad Nəsirov deyib.

O bildirib ki, bugünkü televiziya artıq yalnız efir vasitəsilə yayımlanan proqramlar toplusu deyil. O, internet platformalarında, sosial şəbəkələrdə, mobil tətbiqlərdə, video platformalarında və rəqəmsal xidmətlərdə paralel fəaliyyət göstərən, müxtəlif texnoloji həllərdən istifadə edən çoxşaxəli media institutudur. Müasir media mühitində televiziya ilə sosial medianı yalnız rəqib kimi qiymətləndirmək düzgün yanaşma hesab edilə bilməz. Son illərin təcrübəsi göstərir ki, uğurlu media modeli müxtəlif platformaların qarşılıqlı inteqrasiyasına əsaslanır. Televiziya sosial medianın operativliyindən və çevikliyindən faydalanır, sosial media isə peşəkar televiziya jurnalistikasının hazırladığı etibarlı məzmun hesabına öz informasiya bazasını zənginləşdirir. Bu qarşılıqlı təsir yeni media ekosisteminin formalaşmasının əsas xüsusiyyətlərindəndir.

Rəşad Nəsirov qeyd edib ki, Azərbaycan televiziya məkanı da son illər qlobal informasiya məkanında baş verən dəyişikliklərə uyğun inkişaf yolu keçməkdədir. Yeni texnologiyaların tətbiqi, rəqəmsal yayım sistemlərinin genişləndirilməsi, televiziya istehsalının texniki bazasının yenilənməsi, internet platformaları ilə inteqrasiyanın gücləndirilməsi və yeni xəbər kanallarının fəaliyyətə başlaması milli televiziya sisteminin müasir inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Ənənəvi televiziya prinsiplərinin qorunması ilə yanaşı, müasir texnologiyaların mənimsənilməsi bu inkişafın əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan televiziyasının tarixi ölkənin ictimai-siyasi və mədəni inkişaf salnaməsinin ayrılmaz hissəsidir. Milli televiziya 1956-cı il fevralın 14-də ilk yayımını həyata keçirməklə informasiya məkanında yeni mərhələnin əsasını qoyub. Həmin dövrdən etibarən televiziya xəbərlərin çatdırılması ilə yanaşı, maarifçilik, milli-mədəni irsin qorunması, Azərbaycan dilinin inkişafı və cəmiyyətin mənəvi dəyərlərinin təbliği istiqamətində mühüm missiya yerinə yetirib. Müstəqillik illərində ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatlar televiziya sektorunun inkişafına da mühüm təsir göstərib. Yeni televiziya kanalları yaradılıb, proqram müxtəlifliyi artıb, rəqabət mühiti genişlənib, müasir texnologiyalar tətbiq olunub. Rəqəmsal yerüstü yayım sisteminə keçid, studiya komplekslərinin yenilənməsi və yayım infrastrukturunun müasirləşdirilməsi televiziya sektorunun keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə şərait yaradıb.

"Müasir qlobal informasiya mühitində medianın beynəlxalq əməkdaşlıq platformalarının formalaşdırılması da xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, 2026-cı ilin iyulunda Şuşada keçirilmiş IV Şuşa Qlobal Media Forumu "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusu ilə beynəlxalq media ictimaiyyətinin diqqətini informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə və peşəkar jurnalistikanın qlobal məsuliyyəti məsələlərinə yönəldib. Müxtəlif ölkələrdən media nümayəndələrinin, ekspertlərin və jurnalistlərin iştirak etdiyi Forum medianın təkcə informasiya ötürən vasitə deyil, həm də xalqlar arasında qarşılıqlı anlaşmanın, etimadın möhkəmləndirilməsinin və sülh mədəniyyətinin təşviqinin mühüm alətlərindən biri olduğunu bir daha nümayiş etdirib. Bütün bunlar göstərir ki, Azərbaycan televiziyası hazırda keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Ənənəvi televiziya prinsipləri müasir rəqəmsal texnologiyalarla uğurla uzlaşdırılır, proqram siyasəti dəyişən auditoriya tələblərinə uyğunlaşdırılır, yeni media platformaları ilə inteqrasiya gücləndirilir", - deyə əməkdar jurnalist əlavə edib.

NE
Nihadə Eyyubova