YapiKredi Müraciət Forması
Özəl Hərbi

"Biz bu zəfəri 30 il gözləmişik"

Biz bu zəfəri 30 il gözləmişik

"8 Noyabr bizim Zəfər Günümüzdür. Biz bu zəfəri 30 il gözləmişik. Artıq 8 Noyabr tarixində Azərbaycanın mədəniyyət simvolu olan Şuşa şəhərini işğaldan azad etdik".

Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Rövşən Məhərrəmov bildirib.

Onun sözlərinə görə, bu zəfər Azərbaycana çox baha başa gəlib:

"3 min şəhid verdik. Ali Baş Komandan torpaqlarımızın azad olunması ilə bağlı qərar qəbul etdi və çıxışlarında artıq bu zamanın çatdığını vurğuladı. Biz 30 il ərzində ordumuzu hazırladıq, müasir texnikalar aldıq və bu mübarizəyə hazırlaşdıq. Çünki ordumuzun döyüş qabiliyyəti artıq yüksək səviyyədə idi. Əmin idik ki, öz gücümüzə, öz ordumuza və başda Ali Baş Komandan, cənab İlham Əliyev olmaqla, torpaqlarımızı azad edəcəyik. Nəhayət, buna nail olduq. Bir qədər sonra antiterror əməliyyatı keçirərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam şəkildə bərpa etdik. Bu, Azərbaycan xalqı üçün böyük bir bayram, böyük bir qələbədir. Zəfər Günü Azərbaycan xalqının ən əlamətdar bayramlarından biri kimi tarixə düşdü. Son 100 ildən artıq müddətdə biz torpaqlarımızı itirə-itirə gedirdik. Nəhayət, işğal olunmuş rayonlarımızı tam şəkildə Azərbaycan xalqına qaytardıq.

Zəfər asan başa gəlmir. Bu qələbə şəhidlərimizin qanı və canı bahasına əldə edildi. Bildiyiniz kimi, 44 günlük müharibə dövründə cənab Prezident xarici media nümayəndələrinə şəxsən müsahibələr verir, dünyanın hər yerində Azərbaycanın işğalçı deyil, öz torpaqlarını azad edən tərəf olduğunu izah edirdi. O, müsahibələrdə şəxsən iştirak edərək dünya ictimaiyyətinə bunun bizim vəzifə borcumuz olduğunu çatdırırdı.

Eyni zamanda, Ali Baş Komandan kimi onun əsas vəzifələrindən biri torpaqlarımızı işğaldan azad etmək idi. Biz də buna nail olduq. Əminəm ki, biz bu bayramı hər il dövlət səviyyəsində qeyd edəcəyik. Bu, bizim bayramımızdır və onunla fəxr etməliyik".

Rövşən Məhərrəmov əlavə edib ki, Azərbaycan artıq qalib dövlətdir və xalqımız başıuca gəzir:

"Zəfər Günü münasibətilə Azərbaycan xalqı dünyaya bir daha sübut etdi ki, bu xalq məğlub xalq deyil. Onun məğlubiyyəti müvəqqəti idi. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri və ordumuz dünyada sayılıb-seçilən ordulardan biri səviyyəsinə yüksəldiyini nümayiş etdirdi. Ordumuzun inkişafı bu gün də davam edir. Müharibə olmasa da, döyüş qabiliyyətimizi daha da yüksəldir, müasir silahlar alırıq.

Bildiyiniz kimi, Ali Baş Komandan və dövlət başçısı ordunun büdcəsini də artıraraq 9 milyard manata çatdırıb. 10 milyon əhalisi olan ölkə üçün bu, çox böyük məbləğdir. İtkisiz zəfər olmur. Ordumuz NATO standartlarından daha çox türk modelini seçib və bu modelə keçid prosesi tam başa çatıb. Gələcəkdə Azərbaycana hər hansı təhlükə yaranarsa, Silahlı Qüvvələrimizə layiqincə cavab verməyə qadir ordu formalaşdırmışıq.

Bir daha bütün Azərbaycan xalqını təbrik edirəm. Zəfər bayramımız mübarək olsun!"