Qaradağda 37 yaşlı kişi yeznəsinə xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 04 fevral 2025, 15:37
Bakının Qaradağ rayonunda 1988-ci il təvəllüdlü Nəsib şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısını həyat yoldaşı Bəxtiyara (adlar şərtidir – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 30 iyun 2024-cü ildə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində baş verib. Nəsib həmin gün qəsəbə ərazisində yerləşən “Tur” marketin qarşısında aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əli ilə yeznəsi Bəxtiyarın sifət nahiyəsinə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Nəsibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən  sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Bəxtiyar onun bacısının həyat yoldaşıdır: “Bizim əvvəllər normal münasibətimiz olsa da, son bir ildən artıqdır ki, aramızda olan pul borca görə münasibətlərimiz pisləşib. İyunun 30-da, saat 22:20-da yaşadığım Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “Tur” marketin qarşısından keçən zaman təsadüfən Bəxtiyarı gördüm. Lakin Bəxtiyar məni görməzdən gəldi, yoluna davam edən zaman ona yaxınlaşdım. Qolundan tutaraq pulumu istədim. Bəxtiyar mənə “ağlın var idi verməyəydin” ifadəsini işlətdi. Bəxtiyarın dediyi sözdən əsəbləşdim, əl zərbəsi ilə sifət nahiyəsinə vurdum. Zərbədən Bəxtiyar müvazinətini itirərək yerə yıxıldı”. 

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Nəsibin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 fevral 2025, 17:07
Top