"Xəstə, yaşlı, avtobusa minə bilməyən insanlar heç olmasa ucuz qiymətli taksidən istifadə edirdilər" — AÇIQLAMA

GÜNDƏM 30 yanvar 2025, 19:14
“Bakının nəqliyyat sistemində son zamanlar həyata keçirilən islahatlar vəziyyəti daha da qəlizləşdirilib. Məqsəd sanki problemi daha da ağırlaşdırmaqdır. Taksilərin sayının iki qat azaldılması birbaşa sistemə zidd yanaşmadır. Bazarda nə qədər tələb varsa, o qədər təklif olmalıdır. Əvvəllər gedişlərin sayına uyğun olaraq kifayət qədər taksi var idi. Sərnişinlər ucuz qiymətə istədikləri yerə gedə bilirdilər. Sayın azaldılması ilə bağlı göstərilən səbəblər isə həqiqəti əks etdirmir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

“Bütün dünyada müxtəlif növ nəqliyyat vasitələri fəaliyyət göstərir. Bakıda isə ictimai nəqliyyat sistemi yoxdur, yerüstü nəqliyyat sadəcə avtobuslardan asılı vəziyyətdədir. Avtobus sistemi də elə qurulub ki, yaxın məsafə üçün belə ən azı 2 avtobusdan istifadə etməliyik. Sıxlıq ucbatından avtobuslara minmək olmur. Xəstə, yaşlı, avtobusa minə bilməyən insanlar heç olmasa ucuz qiymətli taksidən istifadə edirdilər. Kənar zolaqlar velosiped və avtobuslara verilib. Manatlıq taksi adlandırdığımız maşınlar da buna görə yolüstü sərnişin götürə bilmir. Bütün bunlar vəziyyəti ağırlaşdırmaq üçün qəsdən edilib. Problemi həll etmək əvəzinə müxtəlif qadağalarla insanlara əziyyət verilir”. 

O bildirib ki, ölkənin az qala 50%-i paytaxtda yaşayır:

“İnsanların gediş- gəlişini təmin etmək üçün metrostansiyalar, yerüstü nəqliyyat infsrukturu olmalıdır. Yalnız bunlar həll edildikdən sonra taksilər haqqında qərar vermək olar. 

Taksilərin yaşının azaldılması da mənasızdır. Avtomobilin ancaq texniki vəziyyətinə görə icazəsi olmalıdır. Çünki elə maşınlar var ki, yaşı çoxdur ancaq yaxşı vəziyyətdədir. Eləsi də var ki, 2-3 ildir istifadə edilir, ancaq pis hala düşüb. Maşın müəyyən standartlara cavab verirsə, neçənci ildə istehsal edilməyinin fərqi olmamalıdır. 

Görülən islahatlar heç nəyi dəyişmədi. Metrolarda yenə sıxlıq var və avtobuslara minmək mümkün deyil. Əsası olmayan islahatlar əhali üçün əlavə xərc və əziyyətdən başqa heç nə deyil”.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 yanvar 2025, 21:16
Top