“Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbudun tərtibçi-müəllifi olduğu "Mücahid ömrü, Məhəmmədsadıq Aran" kitabının təqdimat mərasimi keçirilib.
Təqdimatda çıxış edənlər Məhəmmədsadıq Aran haqqında kitabın nəşrini mühüm hadisə adlandırıb, bu kitabın ona ucaldılmış möhtəşəm abidə olduğunu söyləyiblər. M.Aranın son dərəcə mərd və cəsur insan olduğu, işğalçılara qarşı barışmaz mövqeyini sonadək qoruyub saxladığı vurğulanıb.
Məruzəçilər M.Aranın çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və mühacir həyatı yaşadığı dövrdəki fəaliyyətinin əsas istiqamətləri, onun tükənməz mübarizə əzminin heyranediciliyi və türk millətçiliyi əqidəsinə bağlılığı barədə danışıblar.
Çıxışçılar M.Aranın istər 1920-ci ildən əvvəl, istərsə də Cümhuriyyətin süqutundan sonra ardıcıl fəaliyyəti ilə tariximizin parlaq şəxsiyyətlərindən biri olduğunu, onun haqqında gərgin zəhmət hesabına hazırlanan kitabın nəşrini yüksək qiymətləndirdiklərini deyib və bu münasibətlə elmi ictimaiyyəti təbrik ediblər. Onlar kitabın nəşrinin tarixi şəxsiyyətlərimizin ictimaiyyətə tanıdılması işinə mühüm töhfə verdiyini vurğulayıblar.
Kitabın tərtibçi-müəllifi Elməddin Behbud deyib ki, bu nəşrdə M.Aranın mühacirət dönəmindəki çoxsaylı yaradıcılıq nümunələrinin bir qismi - iki kitabı və onlarla məqaləsi ilk dəfə olaraq Azərbaycan dilinə uyğunlaşdırılıb və oxucuların ixtiyarına verilib. Kitabda onun azadlıq və müstəqillik uğrunda mübarizəsinin müxtəlif səhifələri işıqlandırılıb, eyni zamanda, Azərbaycan parlamentində - “Məclisi-Məbusan”dakı çıxışları və mühacirətdən əvvəlki dönəmdə “Azərbaycan” qəzetində yayımlanan məqalələrinə də yer verilib. M.Aranın Türkiyədə yaşamış yeganə ailə üzvü - əmisi oğlu Məhəmmədtağı Aran barədə də kitabda məlumatlar əksini tapıb: “Oxucular bu kitabda, həmçinin ilk dəfə olaraq M.Aranın xarici ölkələrdə yaşayan doğmalarının maraqlı xatirələri ilə və yeni foto şəkillərlə də tanış ola biləcəklər. Nəşrdə əksini tapan çoxsaylı faktlar, bir-birindən maraqlı məlumatlar indiyədək M.Aranla bağlı qaranlıq qalan bir çox məsələyə aydınlıq gətirib. Bu kitab vasitəsilə M.Aranın istər Azərbaycanda, istərsə də məcburi olaraq vətəndən uzaqda yaşadığı dövrlərdəki fəaliyyətini öyrəndikcə göz önünə ömrünü milli mübarizəyə həsr edən, əqidəsinə vurğun, amallarına sadiq, tükənməz enerjiyə malik idealist və fenomenal türk aydını obrazı gəlir”.
Qeyd edək ki, bu, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə parlamentdə Zəngəzur qəzasını təmsil etmiş millət vəkili, yazar, jurnalist, mühacir Məhəmmədsadıq Aran (Türkiyədə Mehmet Sadık Aran imzası ilə tanınıb) haqqında Azərbaycanda nəşr olunmuş ilk kitabdır. Nəşrdə Məhəmmədsadıq Aranın zəngin və keşməkeşli həyat yoluna nəzər salınıb, müxtəlif ölkələrdəki çoxşaxəli fəaliyyəti haqqında məlumatlar əksini tapıb.