Paşinyanla görüşə kimlər gedəcək?— İcma sədri AÇIQLADI

XARİCİ SİYASƏT 08 yanvar 2025, 19:44
Prezident İlham Əliyev ötən gün yerli mediaya müsahibə verib. Müsahibədə ölkə başçısı Qərbi Azərbaycana qayıdış məsələsindən də danışıb.

"Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar",- dövlət başçısı deyib.

Bəs belə görüşə razılıq verilsə, kimlər İrəvana gedəcək heyətin tərkibində ola bilər? 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib ki, Qərbi azərbaycanlıların zorla qovulmasını Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın son günlər yayılan videoçıxışı da təsdiq edir:

"Cənab Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində jurnalistlərin verdiyi sualları cavablandırarkən Qərbi Azərbaycana qayıdış məsələsinə də aydınlıq gətirdi. Bildirdi ki, Qərbi Azərbaycan tarixən azərbaycanlıların ata-baba yurdu olub və onlar zaman-zaman ermənilərin təzyiqlərinə məruz qalaraq, doğma torpaqlarından qovulublar. Bunu Ermənistanın birinci prezidenti Ter-Petrosiyanın son günlər yayılan videoçıxışı da təsdiq edir. Cənab Prezident İlham Əliyev onu da xüsusi qeyd etdi ki, bu, ciddi problemdir, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir, ədalət məsələsidir. 
Cənab Prezident çıxışında Ermənistanın Baş nazirinə təklif etdi ki, Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin, onların dilindən problemlərini eşitsin, çünki onların tam hüququ var ki, doğma yurda qayıtsınlar". 

 Ə.Ələkbərli deyib ki, İcma olaraq, Ermənistan Baş naziri Nikol Paşinyana görüş üçün müraciət ediblər:

"Cənab Prezidentin xatırlatdığı kimi, əlbəttə, biz bu görüşə hazırıq və Ermənistan Baş nazirinə müraciət də etmişik. O ki qaldı belə bir görüş baş tutsa, heyətdə kimlərin olacağı barədə sizin sualınıza, bu barədə görüş gerçəkləşəndə İcmanın rəhbərliyi müvafiq qərar verəcək və onda siz də biləcəksiniz".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 yanvar 2025, 10:33
Top