İlin ən böyük hadisələrindən biri İlham Əliyevin Ağdamdakı “İmarət” stadionunun təməlini qoyması oldu

İDMAN 30 dekabr 2024, 15:49
Bitməkdə olan il futbol meydanlarında daha xoş anlarla yadda qaldı. "Qarabağ" son illərdə olduğu kimi 2024-cü ildə də yeni-yeni zirvələr fəth etdi. Komandamız ilk dəfə Avropa Liqasının pley-offunda oynadı və “Braqa” kimi güclü bir rəqibi yarışdan kənarlaşdırdı. Bununla da tarixdə ilk dəfə Azərbaycan klubu avrokubokların 1/8 finalına yüksəldi. Komandamız 1/4 finala vəsiqə üçün “Bayer”lə bərabər səviyyədə, möhtəşəm mübarizə apardı. Hər iki görüşdə qələbə son dəqiqələrdəki qollarla əldən verildi. 11-ci dəfə Azərbaycan çempionu, 8-ci dəfə ölkə kubokunun qalibi olan komandamız 2024/2025-ci illər mövsümünü “Qızıl dubl”la başa vurdu.

Demokrat.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun prezidenti Tahir Gözəl Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.

“İlin ən böyük hadisələrindən biri Prezident İlham Əliyevin Ağdamdakı “İmarət” stadionunun təməlini qoyması oldu. Arenamızın inşasına başlanılması uzun illər doğma şəhərindən, öz stadionunda uzaq düşən klubumuz üçün tarixi hadisədir. Daim idmana, klubumuza qayğı ilə yanaşan, stadionumuzun inşasını diqqətdə saxlayan dövlətimizin başçısına klubumuz və bütün “Qarabağ” pərəstişkarları adından təşəkkür edirəm”, - deyə Tahir Gözəl vurğulayıb.

Onun sözlərinə görə, “Qarabağ” bu il Çempionlar Liqasının pley-offuna qədər yüksəlməklə azarkeşlərinə sevinc bəxş edib. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsinə vəsiqə qazanan komanda bu raundda oynayan ilk Azərbaycan klubu kimi tarixə düşdü. Premyer Liqada da qış fasiləsinə 1-ci yerdə yollanan komandamız həm daxili, həm beynəlxalq arenadakı bütün matçlarda öz mübarizəsi, iddiası, cəsarəti ilə hamımızı sevindirdi. O deyib: “Komandamızın uğurlarını qarşıdakı ildə də davam etdirəcəyinə inanıram. Avropa Liqasında bizi iki vacib oyun gözləyir. Baş məşqçimiz Qurban Qurbanov və komandamıza daim inanıram. Onların 2025-ci ildəki bu vacib matçlarda pley-offa vəsiqə üçün sonadək mübarizə aparacağına əminəm. Qarşıdakı ildə Avrokubok, Premyer Liqa və kubokda ən yüksək hədəflər üçün mübarizə aparacağıq. Qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edirəm. Komandamızın yeni ildə onlara yeni-yeni sevinclər bəxş edəcəyinə inanıram”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 yanvar 2025, 13:36
Top