"Bayram ərəfəsində qiymət artımı ənənəyə çevrilib..." — İqtisadçı səbəblərdən danışdı

GÜNDƏM 23 dekabr 2024, 16:44
 “Ölkədə bayramqabağı bazarlarda bahalaşmanın olması artıq ənənəyə çevrilib. Amma bundan da vacib məsələ ölkə iqtisadiyyatının getdikcə inhisarlaşmasıdır. İnhisarlaşma deyəndə kiçik sahibkarlardan söhbət getmir. Söhbət iri bazar oyunçularından gedir, onların böyük bir hissəsi inhisarçıdır”.  

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli deyib. O, bayramqabağı bazarlarda məhsulların bahalaşmasının səbəbləri haqqında danışıb:



“Yəni onların rəqibi yoxdur, sahibkarın rəqibi olmayanda onun üçün qiyməti qaldırmaq “iki vur iki”dir. Qiyməti qaldıranda heç bir məğlubiyyəti yoxdur, həmişə qələbəsi var. Ona görə də Azərbaycanda hansısa məhsulların dövriyyəsi artırsa, yəni satışı çoxalırsa, qiymətləri bahalaşır. Rəqabətli bazarda isə sahibkar üçün ən çətin iş qiyməti bahalaşdırmaqdır. Hətta bəzi hallarda sahibkar aylarla ziyana işləyir, maya dəyərinin artmasını hansı formada kompensasiya edəcəyini düşünür. Çünki onun qarşısında rəqib var”. 

Ekspert bildirib ki, rəqabətli bazarda müştəri qazanan tərəf olur:

“Sahibkar daha çox satış edirsə, daha çox dövriyyəyə malik olursa, dərhal əldə etdiyi qazancın bir hissəsini müştəriyə güzəştə gedir ki, rəqibi qarşısında üstünlüyünü nümayiş etdirsin. Belə olan halda müştəri qazanır, qiymətlər düşür aşağı. Bir sözlə, Azərbaycan iqtisadiyyatının əsas problemi rəqabət mühitinin olmaması, ölkə iqtisadiyyatının böyük bir hissəsinin inhisar altında olmasıdır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 dekabr 2024, 19:40
Top