Yataq otağında işıq — Nələri bilmək lazımdır?

MARAQLI 10 dekabr 2024, 10:05
Yataq otağında gecə vaxtı zəif işıqlandırma belə ürək-damar sisteminin sağlamlığına mənfi təsir göstərə bilər.

Oxu.Az-ın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu nəticə Karolinska İnstitutunun (İsveç) alimlərinin apardığı yeni tədqiqatdan əldə olunub. Araşdırmanın nəticələri nüfuzlu "The Lancet Cardiovascular Research" jurnalında dərc edilib.

Tədqiqata rəhbərlik edən Professor Maykl Perres bildirib ki, yataq otağında işıqlandırma ilə arteriyaları zədələyən aterosklerozun sürətli inkişafı arasında aydın əlaqə müəyyən edilib.

Ateroskleroz zamanı damarların daxili qişasında, əsasən xolesterindən ibarət piy yığınları əmələ gəlir. Bu yığınlar arteriyaların daralmasına və hətta tam tıxanmasına səbəb olur ki, nəticədə toxumaların işemiyası, infarkt, insult və ürək çatışmazlığı kimi ciddi sağlamlıq problemləri yaranır.

Tədqiqat çərçivəsində alimlər yaş, bədən kütləsi, zərərli vərdişlər və ilkin sağlamlıq vəziyyəti kimi müxtəlif risk faktorlarını nəzərə alaraq, yetkin könüllülərin məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, yataq otağında süni işıqlandırma, digər faktorlardan asılı olmayaraq, ürək-damar patologiyalarının inkişaf ehtimalını artırır.

Alimlər hesab edir ki, bu təsirin əsas səbəbi orqanizmin sirkadiyan ritmlərini tənzimləyən melatonin hormonudur. Süni işıqlandırma melatoninin ifrazını zəiflədir, bu isə təbii bioloji prosesləri pozaraq aterosklerotik düyünlərin əmələ gəlməsinə, nəticədə isə ürək və damar problemlərinə səbəb ola bilər.

Mütəxəssislər yataq otağında işıqlandırmaya diqqət yetirməyi və mümkün qədər gecə vaxtı süni işıqdan uzaq durmağı tövsiyə edirlər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top