Bakının Xətai rayonunda 53 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Laçın rayon sakini, 1973-cü il təvəllüdlü Vəfadar ailə münaqişəsi zəminində həyat yoldaşı Nərgizlə (adlar şərtidir – red.) mübahisə edib.
İstintaq sənədlərinə görə, Vəfadar birgə yaşadıqları evdə ailə-məişət zəminində aralarında yaranan mübahisə zamanı qəsdən yumruq zərbələri ilə arvadının sifət və baş nahiyələrinə vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bu işə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş də ona qarşı şikayətini geri götürüb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə cinayət təqibinə xitam verilib.
Fariz Məlikli


