YapiKredi Müraciət Forması
Özəl Sosial

Kirayə bazarında yeni bahalaşma dalğası gözlənilir

Kirayə bazarında yeni bahalaşma dalğası gözlənilir

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, oktyabr ayında Bakının daşınmaz əmlak bazarında qiymət artımı qeydə alınıb. Xüsusilə torpaq sahələri və yeni tikililərdə bahalaşma daha qabarıq müşahidə olunub. Mövcud tendensiyanın ilin sonuna qədər davam edəcəyi gözlənilir. Oktyabr ayının nəticələrinə əsasən, yeni tikili mənzillərin qiymətləri 14,3 faiz, köhnə tikililərin qiymətləri 10,6 faiz, torpaq sahələrinin qiymətləri isə 17 faiz artıb.

Daşınmaz əmlak bazarında qiymət artımı kirayə mənzillərin qiymətlərinə necə təsir edəcək? Kirayə haqlarında da bahalaşma gözlənilirmi?

Demokrat.az-a bu barədə danışan əmlak eksperti Elnur Azadov bildirib ki, daha çox bahalaşma ilkin bazarda, xüsusilə də torpaq sahələrində qeydə alınıb:

Kirayə bazarında yeni bahalaşma dalğası gözlənilir

"Elə ərazilər var ki, qiymətlər normadan artıq yüksəlib. Lakin təkliflərin sayı az olduğuna görə bunu ümumiləşdirmək mümkün deyil. Ölkədə ən çox qiymət artımı Bakı və Abşeron ərazisində, xüsusilə Mərdəkan, Bilgəh və Şüvəlan kimi ərazilərdəki torpaq sahələrində müşahidə olunur. Bunun əsas səbəbi həmin ərazilərdə torpaq sahələrinin sayının olduqca az olmasıdır. Mövcud təkliflər isə həddindən artıq yüksək qiymətlərlə bazara çıxarılır. Bəzi ərazilərdə təkliflərin sayı nisbətən çox olsa da, tikinti və inkişaf sürətinin yüksək olması qiymətlərə təsir göstərir. Məsələn, bu ərazilərdə torpaqların orta qiymət artımının 30 faizdən çox olduğunu demək olar. Kiçik torpaq sahələrində bu göstərici hətta 40 faizə, yol kənarında yerləşən torpaqlarda isə 50 faizə çata bilir. Bu bahalaşma həm ilkin qiymətlərdə, həm də illik artım göstəricilərində özünü göstərir".

Ekspert əlavə edib ki, daşınmaz əmlak sektoruna investisiyanın geri dönüşü də qiymətlərə təsir edən amillərdəndir:

"Bəzi vətəndaşlar daşınmaz əmlaka investisiya vasitəsi kimi yanaşır və gələcəkdə onu kirayəyə verərək gəlir əldə etməyi hədəfləyirlər. Mənzillərin illik bahalaşmasının ən azı 10-12 faiz olması da kirayə qiymətlərinə təsirsiz ötüşmür. Qiymət artımı kirayə bazarına iki istiqamətdə təsir edir. Birinci amil daşınmaz əmlakın öz dəyərinin yüksəlməsi, ikinci amil isə kirayə mənzillərə olan tələbatdır. Bu iki amil üst-üstə düşdükdə təsirini bazarda daha aydın göstərir. Bahalaşma daha çox iqtisadi seqmentdə olan obyekt və mənzillərdə müşahidə edilir. Bahalı seqmentdə qiymət artımı o qədər də yüksək deyil. Əsasən ekonom və orta seqmentdə bahalaşma daha qabarıq nəzərə çarpır".

FH
Fidan Hacızadə
Müxbir