Azərbaycanda istismara yararsız avtomobilləri olan vətəndaşlar bu nəqliyyat vasitələrini metal qırıntısı kimi satmaqla müəyyən gəlir əldə edə bilərlər.
Bəs köhnə avtomobili tullantı kimi satmaq istəyənlər nə qədər qazanc götürə bilər və qiymət avtomobilin markasından, istehsal ilindən, çəkisindən və texniki vəziyyətindən asılı olaraq necə dəyişir?
Nəqliyyat eksperti Razil Nağıyev Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda istismara yararsız avtomobilini tullantı kimi satmaq istəyən vətəndaşın əldə edəcəyi məbləğ satış üsulundan asılıdır.

Onun sözlərinə görə, avtomobil metal qəbulu məntəqəsinə təhvil verilərsə, ödəniş əsasən metalın çəkisinə, növünə və təmizliyinə görə hesablanır:
"Açıq mənbələrdə qara metal üçün kiloqramına təxminən 25–45 qəpik qiymət göstərilsə də, bu rəqəm rəsmi tarif deyil və məntəqələr arasında dəyişə bilər. Məsələn, 1200 kiloqramlıq avtomobildən metal olmayan hissələr çıxıldıqdan sonra 800–900 kiloqram metal qaldığını fərz etsək, təxmini gəlir 200–405 manat ola bilər. Faktiki məbləğ avtomobilin çəkisi, söküntü və daşınma xərcləri, eləcə də qəbul məntəqəsinin təklifi əsasında müəyyənləşir. Digər seçim avtomobili dövlətin utilizasiya proqramı çərçivəsində təhvil verməkdir. Minik avtomobili müvafiq kateqoriyaya daxildirsə, utilizasiya təsdiqedici sənədi əsasında sahibi yeni istehsal olunmuş yerli avtomobil alarkən 1 500 manat güzəştdən istifadə edə və ya 1 050 manat birdəfəlik ödəniş ala bilər. Bu məbləğlər Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib. Rəsmi utilizasiya üçün avtomobil əvvəlcə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalı, portalı vasitəsilə müraciət edilərək reyestrdə qeydiyyatda olan utilizatora təhvil verilməlidir. Avtomobilin utilizasiyaya qəbulu növbəlilik əsasında və ödənişsiz həyata keçirilir. Avtomobilin markası metal qırıntısı kimi satış qiymətinə, bir qayda olaraq, birbaşa təsir etmir, əsas amillər çəkisi, metalın tərkibi və vəziyyətidir. Bununla belə, modeldən asılı olaraq işlək mühərrik, sürətlər qutusu, katalizator və digər ehtiyat hissələrini ayrıca satmaq daha sərfəli ola bilər".


