"30 yaş sindromu" — İnsanın həyatını dəyişə bilər

MARAQLI 09 dekabr 2024, 19:31
 “Əksər ölkələrdə gənclik dövrü 30 yaşa kimi hesab olunur. Azərbaycanda da ''Gənclər siyasəti haqqında'' qanuna əsasən gənclik dövrü 15-29 yaş dövrünü əhatə edir. Gənclik dövrünü arxada qoyan insan özünə sual verir ki, bu dövrdə nə etdim, nəyə nail oldum. Əslində, bu vəziyyət 32-34 yaşlarda da yaşana bilər.  30 yaşlarına qədər etmək istəyində olduğu şeyləri edə bilməyən, məqsədərinə çatmayan insanlar 30 yaş sindromunu daha ağır keçirirlər, çünki hədəflərinə nail olmayıblar”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, "ALTER" Psixologiya və Təlim Mərkəzinin təsisçisi və direktoru psixoloq Əli Xəlilov deyib.

O qeyd edib ki, insan anadan olandan müxtəlif yaş krizisləri yaşayır – 1-3 yaş, 7 yaş, yeniyetməlik dövrünü əhatə edən 12-14 yaş və digərləri. Ə.Xəlilovun sözlərinə görə 30 yaşı digərlərindən fərqləndirən artıq gənclik dövrünün sonları olmasıdır:



“30 yaş sindromu başqa sözlə orta yaş sindromu da adlanır. Bu dövr bir qədər yeniyetməlik dövrünün krizislərinə oxşayır. Ona görə ki, insan həmin dövrdə sual verir – mən kiməm, nəçi olacağam, hansı ixtisasa yiyələnəcəyəm və s. Bu sualları cavablandırmağa çalışır özlüyündə. Amma 30 yaşlarında artıq cavabını tapdığı suallarla bağlı nəticələrlə maraqlanır. Nə etdim, nəyə nail oldum, yenə də suallar yaranır. Sanki xarab bir kompas effekti verir, insan hara getdiyini müəyyən edə bilmir”. 

Ekspert bildirib ki, insanın 30 yaşlarında verdiyi qərarlar onun həyatını tamamilə dəyişə də bilər: 

“Bəzi insanlar yenidən təhsil alır, bəziləri boşanır, bəziləri hobbilərini dəyişir, bəziləri isə işini. Yeni qərarlar insanı xoşbəxt də edə bilər. Yaşlanmaq, qocalmaq, hətta ölüm haqqında fikirlər də 30 yaş sindromunun mərkəzində yer alır və yaş artdıqca bu qorxular daha da çoxalır. İnsan 30 yaşında hələ də həyatında nələrisə dəyişməyə ümid edir, çünki 40 yaşın artıq gec olduğunu düşünür. 30 yaş sindromunu bəzi insanlar çox ağır keçirə bilər. Əgər belədirsə, gözləmək, öz-özünə keçəcəyini sanmaq doğru deyil. Belə olan halda psixoloqamüraciət etmək tövsiyə olunur”.

Törə Zeynallı
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top