Dekabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyası başlayıb.
Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə məqsəd əsasən Afrika əslli xalqların müstəmləkəçilik siyasətindən gördüyü zərərlər ətrafında fikir mübadiləsi aparmaqdır. Müstəmləkəçiliklə mübarizədə fəal beynəlxalq QHT olaraq Bakı Təşəbbüs Qrupu (BTQ) da tədbirə dəvət alıb.
Konfransda çıxış edən təşkilatın icraçı direktoru Abbas Abbasov qrupun fəaliyyət coğrafiyasının genişlənməsi ilə bağlı məlumat verib və müstəmləkə regionlarındakı cari vəziyyəti tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmin regionlarda Afrika əslli xalqların da yaşadığını qeyd edən BTQ-nin icraçı direktoru təşkilat olaraq onların apardığı müstəqillik mübarizələrinə beynəlxalq hüquq çərçivəsində dəstək verməyə və aidiyyəti beynəlxalq təşkilatlara çağırış etməyə davam edəcəklərini bəyan edib.
Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyası dekabrın 6-dək davam edəcək.