"Pulunuz varsa, istənilən televiziyanın qapısı sizə açıqdır" — AÇIQLAMA

GÜNDƏM 28 noyabr 2024, 16:17
Sosial şəbəkələrdə estetik cərrahlarla bağlı şikayətlər artmaqdadır. Belə bir zamanda efirlərdə cərrah reklamları səngimir. Məsələ ilə bağlı sosioloq Lalə Mehralı fikirlərini bölüşüb. 

Lalə Mehralı Demokrat.az-a açıqlamasında bildirib ki, həkimlərə şəraiti insanların özləri və televiziyalar yaradıb:

"Televiziyada senzura olmadığına görə istənilən şəxs efirə çıxa bilir. Pul qarşılığında qadağan olunan hər şeyi efirdə demək olar. Pul ödəyərək efiri satın almış olurlar. Əvvəllər senzura var idi. Efirə çıxanların geyiminə belə bu senzura qərar verirdi. Bu gün pul verib efirdə zərərli məlumatları belə paylaşmaq olur. Həkim olmadığı halda özünü həkim kimi təqdim edənlər belə var. Heç kim onlara heç nə deyə bilmir".

Onun sözlərinə görə, Azərbaycan teleməkanında bu gün pul Allah deməkdir:

"Pulunuz varsa istənilən televiziyanın qapısı sizə açıqdır. Oxumadığı halda özünü hansısa ixtisasın eksperti kimi göstərənlər belə var. İnsanlar efirə inanırlar. Biz 30-40 il əvvəl belə görmüşük. Televiziyada çıxış edən adam demək ki, inanılacaq şəxsdir. Bizə belə aşılanıb. Efirdə danışan hər kəsə inanırdıq. Bilirdik ki, həmin şəxs senzuradan keçərək efirə çıxa bilib. 

Hazırda pul kimdədirsə doğru danışan odur. İnsanlar efirdə işlərini reklam edən adamlara inanırlar. Bu gün görürük ki, nəticələr qənaətbəxş deyil. Estetik əməliyyatdan sonra bədənindən çirk gələn, reklama güvənib sonda uşağının cəsədini alan, əməliyyatdan sonra həkimin əslində ixtisasının estetik cərrahlıq olmadığını öyrənən və.s çox sayda insanlar var". 

Sosioloq qeyd edib ki, xaricdə oxumaq o demək deyil ki, həmin adam ixtisasa yiyələnib, ən yaxşı həkim olub: 

"Xaricdə 2000-3000 manat müqabilində sertifikat almaq həkim olmaq deyil. Xüsusilə həkimləri qeyd edirəm. Çünki bu ən çox özbaşınalıq bu sahədədir. İnsanlar gündən-günə əməliyyatların sayını artırır. Müraciət ediləcək estetik əməliyyatların növü hər gün artır. Daim tələbat var. İnsanlar həkim axtarışındadır. Həkimi isə reklamdan tapırlar. Reklam olunan şəxs əslində pulu olduğu üçün efirdədir. Artıq bizdə fikir formalaşıb ki, reklam olunan həkim yaxşı həkim deyil. Bir həkim efirdə reklam olunursa, pasiyenti yoxdur, ov üçün gəlib deməkdir". 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top