Qubada qardaş bacısına xəsarət yetirdi — TƏFƏRRÜAT

HADİSƏ 22 noyabr 2024, 18:28
Quba rayonunda 1989-cu il təvəllüdlü Fərhad şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı bacısı Hicrana (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 3 may 2024-cü ildə, saat 15 radələrində Quba rayonunun kəndində baş verib.  Fərhad yaşadığı evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bacısı Hicranın üz nahiyyəsindən qəsdən yumruqla vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Fərhadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərhad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, bacısının həyat yoldaşı işləmək üçün Bakı şəhərinə getdiyinə görə bacısı müvəqqəti olaraq onun evində yaşayıb: “Mayın 3-də, saat 15 radələrində dəhlizdə olduğum zaman bacım Hicranın otaqda yüksək səslə qışqırdığını eşidərək onun olduğu otağa girdim. Həmin vaxt aramızda söz mübahisəsi yarandı. Mən əsəbi olduğum üçün yumruqla Hicranın üz nahiyyəsindən bir dəfə vurdum. Aramızda olan mübahisə təxminən 3-5 dəqiqə davam etdi. Orada ikimizdən başqa kimsə olmayıb”.

İş üzrə zərərçəkmiş Hicranın sözlərinə görə, əri işləmək üçün Bakı şəhərinə getdiyi üçün öz evində tək qalmamaq üçün anasının evində bir müddət yaşayıb: “Mayın 3-də, saat 15 radələrində anamın evində olarkən uşağım nadinclik etdiyinə görə ona yüksək səslə irad bildirdim. Bunun üçün, qardaşım Fərhad üzərimə gəldi və üzümdən yumruqla vurdu. Ərim Bakı şəhərindən Quba şəhərinə qayıtdıqdan sonra qardaşımın əməlindən Quba Rayon Polis Şöbəsinə şikayət etdim”.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərhad 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib. 

Təqsirləndirilən şəxsin üzərinə Quba rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 dekabr 2024, 23:15
12 dekabr 2024, 20:37
Top